Menu

Bakıda həkim aptek işçisini baltaladı

02.06.2015, 09:23
Bakıda həkim aptek işçisini baltaladı

Cinayət hadisəsini qarət məqsədilə törədən şəxsin kimliyi məlum olub

Abşeron rayonunda əczaçıya qarşı quldurluq edilib. Hadisə gecə saatlarında Məhəmmədi qəsəbəsində baş verib. Məlumata görə, əczaçı Davud Vəliyev adəti üzrə gecə saatlarına qədər işdə olurmuş. Bu vaxt aptekə əvvəllər də oradan bir neçə dəfə dərman almış bir müştəri gəlib. O, satıcıya dərmanların siyahısını təqdim edib. Əczaçının başı siyahıdakı dərmanları axtarmağa qarışanda “müştəri” sellofan torbada özü ilə gətirdiyi baltanı çıxarıb və satıcı Davud Vəliyevin başına zərbə endirib.

Satıcı yerə yıxılsa da, özünü itirməyib və müqavimət göstərib. Arzuolunmaz müştəri balta ilə sonradan ona bir neçə dəfə də zərbə endirib. Həmin şəxs kassadan 300 manata yaxın pulu götürərək hadisə yerindən uzaqlaşıb.

Davud Vəliyevin harayına qonşuluqda yaşayanlar gəlib və onu xəstəxanaya çatdırıblar. Xeyli qan itirən zərərçəkmiş satıcı həkimlərin səyi nəticəsində sağ qalıb.

İlkin məlumata görə, hücum edən şəxs də əvvəllər Məhəmmədi qəsəbəsində yaşayıb, sonra başqa yerə köçüb. Onun adının Rüfət olduğu və son vaxtlaradək özəl klinikalardan birində həkim işlədiyi deyilir.

Ancaq bir müddət əvvəl onda narkotik vasitələrə meyllik yaranıb. Elə onun bu hadisəni də qarət məqsədilə törətdiyi və əvvəllər yaşadığı Məhəmmədi qəsəbəsinə məhz bunun üçün gəldiyi ehtimal edilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən həkimin axtarışlarına başlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol