Menu

Bu gün kritik “neft” toplantısı başlayır

05.06.2015, 09:28
Bu gün kritik “neft” toplantısı başlayır

Neft bazarında gözlər, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün keçirəcəyi toplantıya çevrilib.

Təşkilatın hasilat kvotası, düşən neft qiymətləri qarşısındakı mövqeyi, İranın vəziyyəti və ABŞ-da artan neft hasilatı iclasda mühüm gündəm maddələri olacaqdır.

OPEC, neft qiymətlərinin düşməyə başladığı 2014-cü ilin İyun ayından sonra ikinci toplantısını bu gün Vyanada keçirəcəkdir. Ötən ilin noyabr ayında hasilatda azalmaya gedilməməsi qərarı verən OPEC, 6 aylıq dövr üçün gündəlik orta hesabla 30 milyon barrel hasilat kvotası müəyyən etmişdi. Ancaq Səudiyyə Ərəbistanı və İraqın neft hasilatını artırması ilə təşkilatın müəyyən etdiyi kvota aşılmış və son dövrdə hasilat gündəlik orta hesabla 31 milyon barrelin üzərinə çıxmışdı.

Düşən neft qiymətləri ilə bağlı növbədənkənar iclasa getməyən OPEC-in 12 üzvündən 7-si hasilatın azaldılmasını gözləyir. Səudiyyə Ərəbistanın da aralarında olduğu 4 ölkə təşkilatın hasilat kvotasını aşağı salmasını istəmir, bir ölkə hələ məsələ haqqında rəyini açıqlamayıb.

HANSI ÖLKƏLƏR HASİLATIN AZALDILMASINI İSTƏYİR?

Gəlirləri böyük miqyasda neft ixracına bağlı olan və aprel ayında gündəlik orta hesabla 2,7 milyon barrel xam neft istehsal edən Venesuela, təşkilatın neft hasilatında azaldılmaya getməsini tələb edir. İran, Venesuelaya dəstək olarkən, həmçinin OPEC-dən kvota artımı istəyir. Anqola, Əlcəzair və Nigeriya, Liviya və Ekvador da hasilatın azaldılmasının tərəfdarıdır. Sözügedən 5 ölkə tərəfindən aprel ayında gündəlik orta hesabla cəmi 5,7 milyon barrel xam neft istehsal olunmuşdur.

Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər, OPEC-in neft hasilatını azaltmasını istəmir. Belə bir vəziyyətdə ABŞ və Rusiyaya qarşı bazar paylarını itirəcəklərini iddia edən sözügedən ölkələr, təşkilat daxilindəki ən iri xam neft istehsalçısı Səudiyyə Ərəbistanının müttəfiqləri olmaqda davam edirlər. Bu 3 ölkə tərəfindən apreldə gündəlik orta hesabla 6,4 milyon barrel xam neft istehsal olunub.

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar artaraq 58,01 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar artaraq 62,18 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol