ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq proqnozları aşdı.
Ölkədə kənd təsərrüfatı xaric məşğulluq Mayda 280 min artıb. İşsizlik nisbəti isə 5,5%-ə yüksəlib.
Analitiklər məşğulluğun Mayda 225 min artacağını, işsizlik nisbətinin isə dəyişməyərək 5,4%-də qalacağını proqnozlaşdırırdılar.
Orta saatlıq qazanclar 0,3% artımla 0,2%-lik gözləntilərin üzərində artıb. Əvvəlki ayda artım 0,1 faiz təşkil edirdi.
Məlumatın açıqlanması ilə Dollar Avro qarşısında bahalaşmağa başlayıb. Avro dollar qarşısında 1,9% ucuzlaşaraq Bakı vaxtı ilə saat 18:40-da 1.1082 səviyyəsinə gəlib.
Məşğulluq göstəricisi, ABŞ Mərkəzi Bankı Fedin faiz artırımı prosesi ilə bağlı olaraq yaxından təqib edilir. Məşğulluğun gözləniləndən yaxşı artması Fedin tezliklə faiz artırmasına rəvac verə bilər. Bu halda da dolların daha da bahalaşacağı gözlənilir. Çünki, dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir.
ABŞ-da ilk rübdə baş verən zəiflik özünü ən çox Mart ayı məşğulluğunda və ilk rüb üzrə iqtisadi artımda özünü göstərmişdi. 12 aydan sonra Martda 200 min səviyyəsindən aşağı düşən məşğulluq artımı, Mərkəzi Bank Fedin də iqtisadiyyatın zəifliyini görərək, faiz artırımını ən erkən Sentyabra qədər təxirə salmasına yol açmışdı.
Nyu-Yorkda yerləşən BNP Paribas-ın iqtisadçısı Laure Rosner "Məşğulluq olduqca möhkəmdir. Bu, iqtisadi artımın da ilin sonunda relsinə düşəcəyini göstərir. Rəqəmlər Mərkəzi Bankın üzvlərini ilk rübdəki şok qarşısında sakitləşdirəcək" deyə şərh edib. /"marja"


Şərhlər