Hökumət ordunu şimal bölgələrindən çəkdikdən sonra İŞİD bölgədəki islamçı qruplara hücum edib, yeni cihad fətvası verilib
Xəbər verdiyimiz kimi, Suriya ordusu Türkiyə ilə sərhədə yaxın ərazilərdən çəkildikdən sonra bölgədə İŞİD və islamçı qruplaşmaların birləşdiyi “Fəth ordusu” arasında şiddətli döyüşlər başlayıb. Ötən gün müxalif qruplar Türkiyənin Kilis vilayəti yaxınlığında Suirya əraziisndə türkmənlərin yaşadığı kəndlərə hücum edən İŞİD qüvvələri ilə müxaliflər arasında baş verən şiddətli döyüşlərdən sonra İŞİD geri çəkilməyə məcbur olub.
Hələbin Əziz rayonuna daxil olan əs-Səlamə sərhəd məntəqəsini ələ keçirmək istəyən İŞİD qüvvələri ilə həftənin əvvəlində başlayan şiddətli döyüşlər ilk günlər İŞİD-in bir neçə türkmən kəndini ələ keçirməsi ilə nəticələnsə də, sonradan müxaliflər İŞİD-in hücumunun qarşısını ala bilib. Bölgədə yaşayan türkmənlər isə ətraf ərazilərə, o cümlədən Türkiyəyə qaçmağa çalışıb, bir çox türkmən ailələri Türkiyəyə keçib.
Ötən gecə davam edən şiddətli döyüşlərdən sonra İŞİD yaraqlıları son günlər ələ keçirdikləri kəndləri boşaldaraq geri çəkilib. Ancaq müşahidəçilər hücumun yenidən başlaya biləcəyini ehtimal edir.
Bu arada Suriyada mövcud olan “cihatçı” qrupların liderləri İŞİD-ə qarşı ortaq cihad fətvası veriblər. Əsasən sələfi silahlı qrupların liderlərinin imzaladığı fətvada islamçı qrupların Suriyanın şimal bölgələrində uğurlarından sonra iŞİD-in bu bölgədə fəallaşmasına vurğu edilib. Əbu Katada əl-Fələstini, Əbu Məhəmməd əl-Maqdisi, Sami əl-Arifi (İordaniya, ən-Nusra cəbhəsi), Əbu Süleyman əl-Avstrailyayi (ən-Nusra), Abdullah Muheysini (S.Ərəbistan), Muslih əl-Ulyani, Mötəsimbillah əl-Mədəni (Mühacir və Ənsar ordusu qruplaşması), Əbu Azzam əl-Cəzravi (şəri hakim), Sadiq əl-Haşimi (şəri hakim) və digərlərinin imzaladığı fətva “yolunu azmış” İŞİD-ə qarşı savaş və ələ keçirilən torpaqların qorunmasına çağırış edilir.
əl-Cəzirə telekanalına müsahibə verən ən-Nusra qruplaşması lideri Əbu Məhəmməd əl-Colani bir sıra mövzularla yanaşı İŞİD-lə münasibətlər mövzusuna toxunub. İŞİD-in qurduğu xilafətin legitim olmadığını deyən Colani bu qruplaşma ilə heç bir halda ittifaq qurumlarının mümkün olmadığını deyib. Colani İŞİD-ə yalnız tövbə edib onlara qoşulacaqları halda bağışlana bilərlər. Lakin görünən odur ki, əks proseslər baş verir. Son xəbərlərə görə, Hələb ətrafında 200-ə yaxın cihadçı İŞİD-ə qoşulub.
Maraqlıdır ki, Colani İranın İraq və Suriyada ordusunun olmadığını qeyd edib. İranın Yaxın şərqdə şiə qruplar vasitəsilə hərəkət etdiyini qeyd edən ən-Nusra liderinin sözlərinə görə, Tehran İraq və Suriyaya ordu yeridilməsinin siyasi xəta olduğunu bildiyi üçün bölgəyə ordu göndərib birbaşa savaşa qatılmaqdan çəkinir.
Bu arada ABŞ hökumət isə bəyan edib ki, Suriya hökuməti İŞİD-ə dəstək verib. Bildirilir ki, hökumət qüvvələri İŞİD-lə savaşan islamçı qrupların mövqelərini bombalayıb. Suriya hökuməti isə bəyan edib ki, rəsmi Dəməşq xaricdən heç bir hərbi yardım istəmir. Suriya hakimiyyətinin BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri bildirib ki, Suriya ordusu çox güclüdür və beynəlxalq dəstəyə ehtiyacı yoxdur. Cəfəri bildirib ki, rəsmi Dəməşq yalnız terrora xaricdən dəstəyin dayandırılmasını və terrorçuların İordaniya, Türkiyə və Livan sərhədlərindən Suriyaya daxil olmasına icazə verilməməsini istəyir. Şimali İraq kürdlərinin Rudav Agentliyinə müsahibə verən Bəşər Cəfəri bildirib ki, ölkəsi xaricdən yardım istəməyəcək. Sitat: “Xaricdən yardım çağırışı etməyəcəyik. Biz sadəcə terroru maliyyələşdirən ölkələrdən terrorçulara yardımı dayandırmalarını və Suriyaya İordniya, Türkiyə və Livan sərhədlərindən keçərək daxil olmalarının qarşısını almalarını istəyirik”.
İki gün öncə Tehranda Suriya parlamentinin rəhbəri Məhəmməd Cihad ə-Ləhamı qəbul edən İran prezidenti Həsən Ruhani “sonuna qədər Suriya xalqı və hökumətinin yanında olacaqlarını” bildirib.
Müşahidəçilər isə son günlər həm hökumət qüvvələrinin, həm də qarşı cəbhədə cəmlənən silahlı qrupların güc toplamağa çalışdığını və qarşıdakı günlərdə yenidən şiddətli döyüşlərin bərpa ediləcəyini proqnozlaşdırır. Bu həftənin əvvəli İran SEPAH-ın xaricdə əməliyyatlar üzrə ixtisaslaşmış Qüds briqadasının komandiri Qasim Süleymani Suriyada yeni “hər kəsi təəccübləndirəcək” döyüş əməliyyatlarının başlayacağını bildirib. Livan mətbuatına müsahibəsində Süleymani İraq və Livandan toplanmış könüllü birliklərin Suriyaya daxil olacağını və döyüş əməliyyatlarının yeni mərhələyə qədəm qoyacağını bəyan edib. Müşahidəçilərə görə, Suriya ordusunun son həftələrdə qəfil geri çəkilməmlərinin də yenidən hücuma keçmək üçün hazırlıq ola bilər. Hər halda hələlik görünən ordu ki, ölkənin şimal ərazilərində böyük bir bölgə müxaliflərin əlində keçib, hətta Bəşər Əsədin ata yurdu Laziqiyyə şəhəri belə təhlükə altına düşüb.(musavat.com)


Şərhlər