11-ci sinif şagirdlərinin göstəricilərinin 9-cu sinif şagirdləri ilə müqayisədə yüksək olmasının səbəbi heç də yuxarı siniflərdə təhsilin keyfiyyətinin yaxşı olması ilə deyil, şagirdlərin orta məktəbin son iki sinfində fərdi hazırlıq üçün müəllim yanına getmələri ilə izah oluna bilər.
Bunu iqtisadçı Qubad İbadoğlu Facebook səhifəsində yazır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı son məlumata görə, buraxılış imtahanında iştirak etmiş 24 min 827 nəfər 9-cu sinif şagirdinin 6 min 664 nəfəri (26.84 faizi) ana dili fənni üzrə, 7 min 913 nəfəri (31.87 faizi) isə riyaziyyat fənni üzrə «2» qiyməti alıb. 11-ci siniflər arasında da «2» alanların sayı çoxdur.
Qubad İbadoğlu bildirir ki, 9-cu və 11-ci sinif şagirdlərinin 60-70 faizinin ana dili və riyaziyyat kimi əsas fənlər üzrə buraxılış imtahanından aldıqları «2» və «3» qiymətləri ciddi narahatlıq yaradır: «Bunu iqtisadi dillə ifadə etsək, deyə bilərik ki, Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi «zay məhsul»dur. Bu isə o deməkdir ki, iqtisadiyyatın və idarəetmənin kadr potensialının yeniləşməsi əmsalı getdikcə aşağı düşəcək. Eyni zamanda hər il on minlərlə yeni iş axtaranlar orta savadları ilə əmək bazarına daxil olacaqlar. Beləliklə də, iqtisadiyyatda həm kadr hazırlığında və həm də məşğulluq sahəsində çətinliklər artacaq».


Şərhlər