Menu

Süleyman Dəmirəl kim olub?

18.06.2015, 00:48
Süleyman Dəmirəl kim olub?

Türkiyənin ən gənc baş naziri olub, 6 dəfə deputat seçilib, 7 dəfə hökumət qurub

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl vəfat edib. 91 yaşlı Dəmirəl iyunun 17-nə keçən gecə yerli saatla 2.05-də Ankaradakı «Güvən» xəstəxanasında həyatını itirib. Mayın 13-də xəstəxanaya yatırılan S.Dəmirəlin səhhəti gecə qəfil pisləşib və bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan yayılan məlumatda bildirilir ki, Dəmirəl bu il mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanaya yerləşdirilib: «Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdu. Bütün səylərimizə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk millətinə başsağlığı diləyirik".

Dəmirəl kim olub?

1924-cü ildə Ispartada anadan olan Süleyman Dəmirəl orta məktəbi də orada başa vurub. 1949-cu ildə İstanbul Texnik Universitetindən məzun olub. Həmin il Elektrik İşləri İdarəsində işə başlayıb. 1949-55-ci illərdə ABŞ-da bir neçə dəfə bənd və suvarma sahələri üzrə ixtisas kursları keçib. 54-cü ildə Türkiyə Su Anbarı İdarəsinin, 55-ci ildə isə Dövlət Su İşləri İdarəsinin baş müdiri olub. 62-64-cü illərdə sərbəst müşavir-mühəndis fəaliyyətinə başlayıb. Həmin illərdə Orta Doğu Texnik Universitetində su mühəndisliyindən dərs deyib.

Siyasətə ilk addım

1962-ci ildə Ədalət Partiyasının İdarə Heyətinə üzv olmaqla siyasətdə ilk addımlarını atıb. 64-cü ildə partiyanın başqanı seçilib və bir il sonra ölkədə qurulan koalisiya hökumətində baş nazirin müavini olub. 65-ci ilin payızında keçirilən seçkilərdə rəhbəri olduğu Ədalət Partiyası səslərin 53 faizini qazanaraq təkbaşına iqtidar qurub. Bu seçkidə Ispartadan deputat kimi parlamentə girən Dəmirəl Türkiyənin 12-ci baş naziri kimi, hökuməti qurub. 69-cu ildə keçirilən seçkidə Ədalət Partiyası yenə təkbaşına hökumət olub. Daha sonra partiyadaxili böhran səbəbiylə 71-ci ilin mart ayında baş nazir postunu tərk edib. 75, 77 və 79-cu illərdə daha üç dəfə hökuməti qurub. 80-ci ildəki hərbi çevrilişdən sonra vəzifədən gedib və qoyulan qadağaya görə 7 il siyasətdən kənarda qalıb. 87-ci ildə xalq səsverməsi ilə qadağa aradan qalxıb və Dəmirəl Doğru Yol Partiyasının (DYP) sədri seçilib.

40 yaşında baş nazir oldu

1987-ci ilin noyabrında keçirilən seçkilərdə Isparta millət vəkili olaraq təkrarən parlamentə girib.

91-ci ildə DYP ilə Sosial Demokrat Halkçı Partiyası ilə bir araya gələrək qurduğu hökumətin baş naziri olub. 30 yaşında idarədə baş müdir, 40 yaşında əvvəlcə partiya sədri, sonra baş nazir olub. Türkiyənin ən gənc idarə müdiri, ən gənc baş naziri və İsəmt İnönüdən sonra ən çox baş nazir olmuş insandır. 6 dönəm deputatlıq edib, 7 dəfə hökumət qurub. 93-cü ilin mayında Türkiyə Böyük Millət Məclisi tərəfindən ölkənin 9-cu prezidenti seçilib. Dəmirəl prezident postunda 2000-ci ilə qədər qalıb.

Davudoğlu başsağlığına getdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu xəbəri eşidən kimi Dəmirəlin evinə başsağlığına gedib. Çıxışda curnalistlərə açıqlama verən Davudoğlu bildirib ki, Türkiyənin siyasi həyatında dərin izlər qoymuş Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar ölkədə üç gün milli matəm elan olunacaq: «Bugündən etibarən (dünəndən-red:) matəm elan olunur. Ailə ilə məsləhətləşdik. İnşaallah cənazə namazı da mübarək Ramazanda, çox gözəl, mənəvi bir ortamda – cümə günü Kocatəpə məscidində qılınacaq. Btüün lazımi tədbirlər görülüb.

Türkiyə hər zaman demokratiyanın yanında olub. Süleyman Dəmirəlin adı siyasətimizə bu baxımdan çox dərin izlərlə yazılıb. Həm Türkiyə hökuməti adından, həm millətmiz adından başsağlığı vermək üçün evini ziyarət etdim. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Özündən sonra qoyduğu gözəl xatirələrlə siyasi tariximizdəki yerini qorumağı nəsib etsin».

Davudoğlu Ankara ilə yanaşı, Dəmirəlin məmləkəti Ispartada da dövlət səviyyəsində mərasimlərin təşkil ediləcəyini və bunun üçün lazımi təlimatın verildiyini bildirib: «Jənazə namazı Ankarada qılınacaq. Ispartada hansı formada mərasimin keçirilməsinə isə ailə qərar verəcək. Artıq bununla bağlı bütün təlimatlar verilib».

Dəmirəlin dəfni ilə bağlı işlərin koordinasiyası Xarici İşlər Nazirliyinin Protokol Baş Müdirliyinə həvalə olunub. Ankarada keçirilən toplantıda Dəmirəlin nəşinin cümə günü yerli saatla 9.30-da xəstəxananın morqundan götürülərək Türkiyə Böyük Millət Məclisinə, oradan da Kocatəpə məscidinə gətirilməsi planlaşdırılır. Jənazə namazından sonra keçmiş prezidentin nəşi ya həmin gün, ya da şənbə günü dəfn üçün təyyarə ilə məmləkəti Ispartaya göndəriləcək. Dəfnin dəqiq tarixinə ailə qərar verəcək.

Ərdoğan: «Türk siyasi tarixində dərin izlər qoydu»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəmirəlin vəfatı ilə bağlı yazılı açıqlama verib. Ərdoğan ölkənin 9-cu prezidentinin vəfatından kədərləndiyini bildirib: «Türk siyasi tarixində dərin izlər qoyan, ölkəmizin inkişafında xidmətləri olan Süleyman Dəmirəl dövlət və siyasət adamı kimi, siyasi tariximizin önəmli isimlərindəndir. Tutduğu vəzifələri, xidmətləri və siyasətdəki rolu ilə əziz millətimiz tərəfindən gələcəkdə də xatırlanacaq. Hörmətli Süleyman Dəmirələ rəhmət diləyir, ailəsinə, yaxınlarına və millətimizə başsağlığı verirəm».

Abdulla Gül: «Nümunəvi bir dövlət adamı idi»

Türkiyənin 11-ci prezidenti Abdulla Gül Dəmirəlin vəfatını böyük üzüntü ilə qarşıladığını deyib: «Mərhum Süleyman Dəmirəl Türkiyə siyasət tarixinin ən həssas dönəmində demokratiyanın inkişafı və çoxpartiyaları sistemin mövcudluğu üçün mücadilə vermiş nümunəvi bir dövlət adamı idi. Türkiyənin iqtisadi inkişafında çox böyük xidmətlər göstərərək sonrakı nəsillərə öncüllük edib. Siyasət və dövlət adamı kimi, qoyduğu əsərlər şübhəsiz ki, millətmiz tərəfindən daim xatırlanacaq. Doqquzuncu prezidentimiz Süleyman Dəmirələ Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və əziz Türk millətinə başsağlığı verirəm».

Tansu Çillər: «Millətə xidməti hər şeydən üstün tuturdu»

Türkiyənin keçmiş baş naziri Tansu Çillər də Dəmirəlin ölümü ilə bağlı açıqlama verib: «Millətə xidməti hər şeydən üstün tuturdu. Dəmirəl ölkəmizə böyük əsərlər qazandırmış, siyasi tariximizdə iz qoymuş önəmli bir siyasət dahisidir. Millətə xidmət yolundu onunla uzun illər birlikdə çalışdıq, çox xatirələrimiz var. Millətmiz, dostları, sevənləri onu heç vaxt unutmayacaq. Allahdan ona rəhmət, ailəsinə, sevənlərinə başsağlığı diləyirəm».

«New York Times»: «Ensiklopedik biliyə sahib idi»

Dəmirəlin ölümünə dünya mətbuatı da yer ayırıb. «New York Times» Dəmirəlin soyadı ilə bağlı çoxlarının bilmədiyi detala diqqət çəkib: «Soyadı «dəmir əl» mənasını verən Süleyman Gündoğdu Dəmirəl 1924-cü ildə Türkiyənin cənubundakı İslamköydə anadan olub. Doğulduğu Ispartada hava limanı və yerli universitetə onun adı verilib. Dəmirəl Türkiyə ilə bağlı ensiklopedik biliyə sahib idi. Getdiyi hər kəndin icra nümayəndəsinin adını əzbər bildiyi deyilir. Jurnalistlər ona tez-tez bir siyasi mövqedən digərinə necə sürətlə keçdiyini soruşanda «dünən dünəndir, bu gün bu gün» deyə cavab verərdi. Bu onun ən çox tanınan ifadəsi idi». (Azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol