Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün 1/16 və 1/8 final mərhələlərinin növbəti görüşləri keçiriləcək.
Azərbaycan boksçuları da bu gün rinqə çıxacaqlar. Yığmamızın 2 idmançısı rəqibini mübarizədən kənarlaşdırmağa çalışacaq.
60 kq çəki dərəcəsində ölkəmizi WSB liqasından 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanan Albert Səlimov təmsil edəcək. İlk mərhələdən azad olan həmyerlimiz 1/8 final mərhələsində Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla qarşılaşacaq.
81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verəcək. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur. Komandamızın heyətində 10 kişi, 5 qadın boksçu millimizin aktivindəki medal sayını artırmağa çalışacaq.


Şərhlər