Xarici KİV-in yaydığı məlumata görə, Osloda keçirilən «Azadlıq forumu»nun gedişində Ukraynanın sabiq prezidenti Viktor Yuşenko deyib ki, Qərb ölkələri Kiyevi müdafiə edəcəklərini vəd etsələr də, yekunda Ukraynanı satdılar (Rosbalt).
«El Mundo» nəşrinə verdiyi müsahibədə Yuşenko belə bir fikri təkzib edib ki, guya Ukraynanın şərqində vətəndaş müharibəsi gedir. O, bəyan edib ki, əslində bu ərazilərdə Ukrayna hərbçiləri və könüllüləri «rusiyalı işğalçılar»la mübarizə aparırlar. Bundan başqa o, xarici dövlətləri həm də onda ittiham edib ki, onlar Kiyevin köməyinə gəlməyiblər və bununla da əvvəllər verdikləri vədi pozublar.
«Mən xatırlayıram, 1994-cü ildə nüvə potensialımızdan imtina etməyin əvəzində ABŞ bizim ərazi bütövlüyümüzə və suverenliyimizə necə qarantiya verirdi...» - deyə, «İnoPressa» ukraynalı siyasətçidən sitat gətirir.
Eks-prezident qeyd edib ki, 5 dekabr 1994-cü ildə Ukrayna gücünə görə 3-cü nüvə nəhəngi statusundan imtina edib. Rusiya, ABŞ, Fransa, Çin və Britaniya isə ona dəqiq ifadə olunmuş qarantiya verib. Razılaşmadan sitat gətirən Yuşenko deyib: «Məgər o, nəzərdə tutmur ki, Fransa, Çin, ABŞ və Britaniya böhran başlayan zaman bizə kömək etməyə borclu idilər? Mən dərindən hiss edirəm ki, bizi satıblar. Şəxsən mən, peşimanam...».
Yuşenko bundan əvvəl bəyan etmişdi ki, Qərb Ukraynaya lazımınca köməklik göstərmir. Amma ölkənin «Land Lease» formatı üzrə uzunmüddətli hərbi kömək proqramına ehtiyacı var. O, həm də qeyd edib ki, Ukrayna problemi artıq dünyanın zəhləsini tökməyə başlayıb və hamı sanki ürək bulandıran milçəkdən uzaq duran kimi, Ukraynadan uzaq durmağa çalışır.
AzPolitika.info


Şərhlər