Bu ilin 5 ayında Azərbaycanda rəsmi şokolad istehsalının həcmi 744,5 ton olub. Bunu Dövlət Statistika Komitəsindən (DSK) bildiriblər. Amma real istehsal xeyli çoxdur. Bunu həmin məhsulun ixracı barədə gömrük statistikası da sübut edir.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, I rübdə yerli istehsalçılar müxtəlif ölkələrə (Özbəkistan, Türkmənistan, İraq, Gürcüstan, Monqolustan, RF və s.) 2,9 milyon dolar məbləğində 975,6 ton şokolad ixrac ediblər.
Bu dövrdə Avropa, Rusiya, Ukrayna və s ölkələrdən 8,1 min ton şokolad idxal edilib. Maraqlıdır ki, Azərbaycan şokoladının kiloqramı 3 dollara ixrac edilir, idxal qiyməti isə 2 dollar/kq-dan azdır.
Azərbaycanda əsas şokolad istehsalçıları “Ulduz” və “Şirin” qənnadı fabrikləridir. Naxçıvanda da şokolad fabriki var. 2014-cü ildə o, istehsal həcmini 29 ton artıraraq 1732 tona çatdırıb.
DSK-ya görə, 2014-cü ildə ölkədə şokolad istehsalı 5,2 min tondan (2013-cü il) 4 min tona azalıb. Qiymət ifadəsində istehsal 10,8 mln manat təşkil edib. DGK-ya görə, ötən il istehsal edilən şokoladın hamısı ixracata gedib. 2013-cü ildə ixrac həcmi (5483,8 ton) yerli istehsal həcmindən 279 ton çox olub.
2013-cü ilin ərzaq balansına əsasən, Azərbaycanda şokoladın istehlak həcmi 24,6 min ton olub. Bir adama ildə 2,6 kq şokolad düşüb. 2013-cü ildə Rusiyada bu göstərici 4,36 kq olub.
Ötən il Azərbaycana şokolad idxalının həcmi 24 718,4 ton olub. Bu, 2013-cü ildəkindən 7,4% azdır. İdxala birbaşa xərclər 43 milyon dollar təşkil edib. Bu, 2013-cü ildəkindən 3,7 milyon dollar azdır.
Müqayisə üçün deyək ki, 2012-2014-cü illərdə Gürcüstan xaricdən 53 milyon 80,5 min, 62 milyon 159,7 min və 59 milyon 589,2 mindollar məbləğində şokolad idxal edib. /"Turan"


Şərhlər