Ukrayna Ali Radası ölkədə ölüm hökmünün müvəqqəti qaytarılması haqda qanun layihəsinə baxılmasını planlaşdırır. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə deputat, “Dnepr-1” xüsusi təyinatlı alayın komandiri Yuri Beryoza bildirib.
Parlamentin hərbi təhlükəsizlik və müdafiə məsələləri üzrə alt komitəsinin sədri qeyd edib ki, ölüm cəzasının leqallaşdırılması haqda qanun yalnız hərbi əməliyyatların getdiyi dövrdə qüvvədə olacaq.
Bundan öncə deputat dəfələrlə bəyan etmişdi ki, Vətənə xəyanət, korrupsiya və zorlamaya görə ölüm hökmünün qaytarılmasının tərəfdarıdır.
Ukraynada ölüm cəzasına moratorium ilk dəfə 1995-ci ildə qoyulub və bir neçə ay çəkib. Yeni moratorium 1997-ci ildə elan edilib. Ölüm hökmünün ləğvi Avropa Şurasına üzv ölkələr üçün öhdəlik-şərtdir.


Şərhlər