Xarici KİV-in yaydığı məlumata görə, Misir Xarici işlər nazirinin köməkçisi Hazem Hayrat bu ölkənin İsraildə səfiri olacaq. Bu postda o, 3 il bundan əvvəl geri çağrılmış sələfi Atəf Səlimi əvəz edəcək. Bu barədə xəbəri Misirin «MENA» informasiya agentliyi yayıb (TASS).
Səlim 3 il bundan əvvəl Misirin islamçı prezidenti Mühəmməd Mursi tərəfindən, HƏMAS-ın nəzarəti altında olan Qəza sektorunda İsrailin həyata keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq geri çağırılıb. İndi Səlim Kubaya yeni təyinat alıb.
«Müsəlman qşardaşları»nın hakimiyyəti dövründə Qahirə ilə Təl-Əviv arasında münasibətlər «soyuq sülh» dövrünü yaşayıb. Bu dövrdə, hələ iki ölkə arasında 1979-cu ildə qurulmuş diplomatik münasibətlərin saxlanmasına baxmayaraq, rəsmi təmaslar olmayıb. Bundan əlavə, Misir hələ prezident Hüsnü Mübarəkin dövründə İsrailə qaz satışı barədə bağlanmış uzunmüddətli razılaşmanı ləğv edib və bu ölkəyə mavi yanacağın ixracını tam dayandırıb.
Diplomatik mənbələrin məlumatına görə, Misir səfirinin İsrailə qayıtması iki qonşu ölkə arasında münasibətlərin istiləşməsindən xəbər verir. Bundan başqa, «Əl-Yaum əs-Sabia» xəbər portalının verdiyi xəbərə görə, Misir tərəfindən İsrailə yeni səfirin təyin olunmasına səbəb kimi «»İsrailin atəşkəs rejiminə sadiq olması» göstərilir. Məlumdur ki, 2014-cü ildəki hərbi əməliyyatlardan sonra Misir, fələstinli qruplaşmalarla İsrail arasındakı danışıqlarda vasitəçi rolunda çıxış edir.
Bu arada, yerli KİV-in məlumatında deyilir ki, son 36 ildə ilk dəfə olaraq Qahirədəki İsrail səfiri Xaim Koren misirliləri müqəddəs Ramazan bayramının gəlişi münasibətilə təbrik edib.
AzPolitika.info


Şərhlər