Xarici KİV-in yaydığı məlumata görə, Yunanıstan hakimiyyəti öz borc probleminin həllinə dair kreditorlarla aparılan danışıqlardan birtərəfli qaydada çıxıb. Bu barədə Almaniyanın maliyyə naziri Volfqanq Şoyble məlumat verib (İnterfaks.ru).
«Yunanıstan birtərəfli qaydada danışıqlara son qoydu» - deyə, «The Guardian» onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Avroqrupun sədri Yerun Deysselblum Yunanıstan hökumətinin kreditorların borc probleminin həlli barədə son təkliflərindən imtina etməsi və ölkədə referendum keçirilməsi barədə qərar verməsini təəssüfə layiq hadisə adlandırıb.
«Yunanıstan hökumətinin qərarı ilə tanışlıq bu gün mənim üçün çox pis sürpriz oldu. Əslində, bu qərarla yunan hökuməti üç institutun (Avropa və beynəlxalq) son təkliflərini rədd edib və belə neqativ əsasla parlamentə referendum keçirməyi təklif edib, yenə də yunan xalqına neqativ məsləhət verməklə...»-deyə, şənbə günü Avroqrupun maliyyə nazirlərinin fövqəladə iclasına gələn Deysselblum bəyan edib.
Cümə günü isə Avrozona ölkələri liderləri Avropa Şurasının Brüsseldə keçirilən iclasına toplaşaraq, Avroqrupun şənbə iclasını kredit tranşı almaq məsələsində Yunanıstanın kreditorlarla razılıq əldə etməsi üçün son şans adlandırmışdı.
Amma bundan sonra Yunanıstanın baş naziri Aleksis Tsipras beynəlxalq kreditorlar tərəfindən ölkəsinə maliyyə yardımı proqramı üzrə iyulun 5-də referendum keçiriləcəyini bəyan etdi. Xalqa telemüraciətində o, bəyan etdi ki, referenduma ehtiyac o səbəbdən yaranıb ki, Yunanıstanın beynəlxalq həmkarları ona yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürürlər.
Səsvermə iyulun 5-də olacaq.
AzPolitika.info


Şərhlər