Ermənistan Gömrük İttifaqından ilk zərbəsini aldı. ANS PRESS-in məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu bu barədə bu gün öz "Facebook" səhifəsində yazıb.Onun sözlərinə görə, Rusiyadan asılılığı getdikcə artan Ermənistan iqtisadiyyatı müstəqilliyini tam itirəndən sonra ilk dəfə bu miqyasda olan kütləvi sosial etirazlarla qarşılaşdı. "Əslində son günlər Ermənistanda baş verənlər yalnız avtoritar idarəetməyə deyil, həm də Rusiyanın Ermənistandakı hökmran mövqeyinə etiraz nümayişidir. Hazırda Rusiyanın şirkətləri Ermənistanın yalnız enerji bölməsini deyil, telekommunikasiya, dəmir yolları nəqliyyatı və mədən sənayesini bütünlüklə nəzarətə götürüb",- deyə Qubad İbadoğlu Ermənistan paytaxtında enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı keçirilən "Talana yox" oturaq aksiyası ilə bağlı vurğulayıb.
Ermənistanda ildən ilə ağırlaşan sosial-iqtisadi vəziyyətə toxunan Qubad İbadoğlu bu il vəziyyətin daha kəskin olduğunu bildirib: "2015-ci ilin aprel ayına olan məlumata görə, xaricdə yaşayan ermənilərin pul göndərişləri ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azalıb. Müqayisə olunan dövrdə idxal 30,5 faiz, ixrac isə 23,1 faiz aşağı düşüb. Bu ilin may ayına Ermənistanın xarici borcları 4 milyard 659 milyon dollara çatıb ki, bu da milli gəlirin 52,8 faizi qədərdir. Bu ildən kəskin azalan xarici investisiyalar iş yerlərinin sürətlə bağlanmasına və yoxsulluğun daha da artmasına gətirib çıxarıb. Belə ki, bu ilin birinci rübünün sonuna yoxsulluq səviyyəsi ölkə əhalsinin 50 faizə qədərini, kənd əhalisinin isə hər 3-dən 2-ni əhatə edib".


Şərhlər