Müsavat Partiyası Milli Şuradan çıxdı. Amma partiya üzvü Tofiq Hüseynli eyni addımı atmadı. Müsavat tərəfindən də belə bir tələb qoyulmadı. Milli Şurada üzvülüyün fərdi olduğunu nəzərə alsaq, bəs bundan sonra Müsavat Partiyası üzvləri birliyə qoşula bilərmi? Partiyanın bununla bağlı qərarı necədi?
Müsavat Partiyası Mətbuat Xidmətinin sədri Mehman Cavadoğlu Hafta.az-a aşıqlamasında bu məsələni aydınlaşdırıb.
M.Cavadoğlu deyib ki, partiya nizamnaməsində bu məsələ nəzərdə tutulmayıb: “Bu daha çox mənəvi məsələdi ki, partiya qərarı varsa üzvlər buna əməl edəcək. Milli Şuranın nizamnaməsinə görə isə orada partiyalar təmsil olunsa da, üzvlük fərdi xarakter daşıyır. Şəxslər buna özləri qərar verir. Milli Şuranın üzvlüyə əlavə qəbullarla bağlı prosedur var. Hər bir şəxs bu proseduru keçməklə üzv ola bilər. Müsavat Partiyası üzvləri də bu yolla Milli Şuraya qoşula bilər. Partiya tərəfindən rəsmi olaraq belə bir qadağa yoxdu”.
Mehman Cavadoğlu qeyd edib ki, Tofiq Hüseynli isə Milli Şuraya Müsavat Partiyası yox, EL hərəkatının kvotasından düşüb.

Şərhlər