Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən APA-ya verilən məlumata görə, bu qərar Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini və şəhərdə dünya standartlarına uyğun ən müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılmasını nəzərə alaraq qəbul edilib.
Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.
Bakı şəhər Baş Polis İdarəsi isə polisin Bakıda qəzet satışına qadağa qoyması barədə yayılan məlumatları təkzib edib.
İdarədən APA-ya bildirilib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Paytaxt polisi şəhər İcra Hakimiyyəti ilə birlikdə qanunsuz küçə ticarətinə qarşı müvafiq tədbirlər həyata keçirir və bu sırada primitiv qaydada kustar üsulla hazırlanmış rəflərin üzərində qəzet-jurnal satışının da qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir.
Vətəndaşların küçə ticarətinin qarşısının alınması ilə bağlı çoxsaylı müraciətləri gündən-günə gözəlləşən şəhərin simasına xələl gətirən hər cür əldəqayırma satış nöqtələrinin yığışdırılmasını zəruri edir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti və Baş Polis İdarəsi əhalinin haqlı narazılığına səbəb olan belə neqativ hallara qarşı tədbirləri mütəmadi olaraq davam etdirəcək. O ki qaldı qanunsuz küçə ticarəti ilə məşğul olanların xüsusi icazə əsasında fəaliyyət göstərmələrinə, müxtəlif yollarla əldə edilən həmin sənədlər artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilib”.

Şərhlər