Jurnalist Məhəmmədəli Qəribli AXCP-Müsavat, AXCP-Rauf Arifoğlu “müharibələrinin” belə şiddətli dövründə vaxtilə həbsxanada şahidi olduğu çox maraqlı bir əhvalatı paylaşıb.
M.Qəribli jurnalist fəaliyyətinə görə şərlənərək həbs olunub və 8 il məhbəs həyatı yaşayıb.
Həmkarımızın həm güldürən, həm də düşündürən maraqlı “Feysbuk” statusunu təqdim edirik:
“Görürəm hamı tarixi eşələyir, mənim də yadıma maraqlı bir hadisə düşdü. Şərəfsiz məmurların şəri ilə, sırf jurnalist fəaliyyətimlə əlaqədar olaraq həbsə salınmışdım. 2003-cü il idi. "Bayıl" həbsxanasının 3-cü korpusunun 92-ci kamerasında 8 nəfər idik.
Mənim təkidli tələblərimdən sonra, hər gün kameraya qəzet verirdilər. Yalnız “Yeni Müsavat”dan başqa. Bunun da səbəbi aydın idi. Həmin vaxtlar “Yeni Musavat” qan-qan deyirdi…
Kamerada Nəriman adlı pullu bir idarə müdiri vardı. Dövlətin külli miqdarda əmlakını talamaq ittihamı ilə həbs edilmişdi. Törətdiyi əməli etiraf edirdi, amma əlavə edirdi ki, ondan çox talayanlar azadlıqda qalıb, onları niyə tutmurlar?
Nəriman kişi hər gün 1 "şirvan" verib kameriya gizli yollarla “Yeni Müsavat” qəzeti gətizdirirdi. O, bütün qəzeti diqqətlə oxuyurdu və hiss olunurdu ki, yazılanların hamısına inanır. Onda qəzetdə "Biz gəlirik" başlıqlı yazılar çox olurdu…
Hətta yadımdadır, Rauf Arifoglu da belə başlıqlı köşə yazmışdı…
Kamerada olan Mürsəl adlı bir biznesmen isə qəzetdə yazılanların reallaşmayacağını deyirdi, Nərimana yazılanlara inanmamağı tövsiyyə edirdi. Onların arasında bu mövzuda tez-tez mübahisələr olurdu, hətta bir neçə dəfə dava həddinə də gəlib çatmışdılar.
Bir gün "nadzor"lardan biri bizə xəbər verdi ki, Rauf Arifoğlunu həbs edib, "Bayıla" gətiriblər. Maraqlandıq, Rauf bəyin karantində olduğu təsdiqləndi…
Onda Nərman kişi belə bir söz işlətdi: "Sən demə bunlar bura gəlirmiş, mən də elə bildim hakimiyyətə gəlirlər"…
Həmin gündən Nəriman “Yeni Müsavat” qəzetini almaqdan imtina etdi. Təbii ki, bunun da ən böyük ziyanı mənə oldu…”

Şərhlər