Xarici KİV-in yaydığı məlumata görə, Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Ziqmar Qabriel ilk dəfə etiraf edib ki, 2001-ci ildə Yunanıstanın valyuta ittifaqına qəbulu səhv idi. Vitse-kansler bunu «Stern» alman jurnalına verdiyi müsahibədə bəyan edib (TASS).
«İndiki nöqteyi-nəzərdən, Yunanıstanı avrozonaya qəbul etmək böyük sadəlövhdük idi. Amma burası daha pisdir ki, hamı uzun müddət ölkəni gündən-günə böhranın necə bürüdüyünə sadəcə, müşahidəçi oldu»-deyə, Qabriel qeyd edib.
Onun sözlərinə görə, avrozona ölkələrinin, bundan sonra hansısa ölkənin Avropada oyun qaydalarına əməl etməməsinə göz yummağa haqqı yoxdur. Yunanıstandakı mövcud vəziyyətdən çıxarılan əsas nəticə bundan ibarət olmalıdır. O, hesab edir ki, oyun qaydaları dedikdə, təkcə məsələnin maliyyə tərəfi yox, həm də ictimai-siyasi tərəfləri başa düşülməlidir: «Biz həm də ona göz yuma bilmərik ki, Macarıstanda oyunun demokratik qaydaları necə sıfıra yaxınlaşır».
Vitse-kanslerin fikrincə, Yunanıstanın borcunu qismən silmək mümkündür: «Əgər indi biz sadəcə, borcları bağışlasaq, bu zaman Yunanıstan heç bir əsaslı dəyişiklik cəhdləri göstərməyəcək və biz heç nəyə nail ola bilməyəcəyik. Amma borcun silinməsindən o halda danışmaq olar ki, Yunanıstan hökuməti islahatlar apardığını göstərmiş olsun. Əks halda Afinanın borc yükü artmaqda davam edəcək».
Nazir avropalıları Yunanıstan əhalisinə anlaqla yanaşmağa çağırıb: «Hökumətin nümayiş etdirdiyi səfehliyə görə, məsuliyyəti insanların üzərinə yükləməyə ixtiyarımız yoxdur...».
AzPolitika.info


Şərhlər