“Qazprom” şirkəti qaz kəmərinin ilk qolunun inşasına dair müqaviləni ləğv etdi, Türkiyədən “ Rusiya ilə hər hansı bir nəticə əldə olunmayıb” bəyanatı verildi
Kreml bu məğlubiyyətdən sonra Qarabağda vəziyyəti daha da gərginləşdirə bilər
Avropanın qaz bazarı uğrunda Rusiya ilə Qərb arasında gedən mübarizənin getdikcə açıq qarşıdurmaya, bu layihələrdə iştirak etmək istəyən ölkələrin hökumətləri üçün isə ciddi problemə çevriləcəyi barədə proqnozlar tam doğruldu. Azərbaycanın da iştirakçısı olduğu Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) qarşı Rusiyanın “Türk axını” layihəsini reallaşdırmaq istəyi son aylar bu gərginliyi nəzərəçarpacaq həddə artırmışdı.
Qərb “Cənub axını” layihəsini Bolqarıstanın imtinası ilə nöqtələdikdən sonra Rusiya ötən il dekabrın 1-də Vladimir Putinin Ankaraya səfərində “Türk axını” layihəsini elan etmişdi. “Türk axını” ildə 63 milyard kubmetr Rusiya qazının Türkiyə vasitəsilə Yunanıstan sərhədinə çıxarılmasını nəzərdə tuturdu.
Yunanlar indi “Türk axını”nın hayında deyil, Serbiya “gözüçıxmış” qardaşından dərs götürdü

Yunanıstan isə Kremlin vəd etdiyi güzəştlərə və kreditə arxayın olaraq ABŞ-ın, eləcə də Avropa Birliyinin xəbərdarlıqlarını qulaqardına vurdu. Yunanıstanın dikbaş hökuməti indi uçurumun bir addımlığındadır və “Türk axını” heç yadına belə düşmür.
Makedoniyanın baş naziri Nikola Qruevski isə ölkəsində Amerikaya yaxın olan müxalifətin başladığı aksiyalardan sonra “Türk axını” ilə bağlı qərarlılığını arxa plana keçirdi. Serbiya prezidenti Tomislav Nikoliç isə “gözüçıxmış qardaşlar”dan nəticə çıxararaq Moskvada 9 may paradında dediklərini təkzib etdi. T.Nikoliç “Avropa İttifaqı ”Cənub axını" kəmərinin Bolqarıstan ərazisindən keçməsinə mane oldusa, “Türk axını” kəmərinin digər Avropa ölkələrinin, o cümlədən Yunanıstanın ərazisindən keçməsinə necə imkan verəcək? Deməli, burada bir çox qaranlıq nüanslar var. Ona görə də gözləyək görək necə olacaq" deyərək, prosesdən çəkildiklərinə açıq mesaj verdi.

Rusiya da “yox” dedi, Türkiyə də ...
Əvvəlcə məlum olub ki, “Qazprom” şirkəti İtaliyanın “Saipem” şirkəti ilə “Türk axını” dəniz qaz kəmərinin ilk qolunun inşasına dair müqaviləni ləğv edir. TASS-ın bu barədə yaydığı xəbərində deyilir ki, bu qərara səbəb “Türk axını” layihəsinin həyata keçirilməsi istiqamətində bir çox iş və kommersiya məsələləri üzrə razılığın əldə edilməməsidir. “Qazprom” “Türk axını”nın ilk qolunun inşasını 2016-cı ilin sonunda başa çatdırmağı planlaşdırırdı.
“”Türk axını" ilə bağlı hələlik hər hansı bir nəticə əldə olunmayıb". Bu sözləri isə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Nazir deyib ki, hələlik layihədə hər hansı bir nəticə əldə olunmayıb və bəzi məqamlar tamamilə aradan qaldırılmayıb. “Amma biz buna ümidliyik” deyə, Taner Yıldız vurğulayıb.
“Bloomberg” agentliyi də “Qazprom” və Türkiyənin “BOTAŞ” şirkətləri arasında qazın qiyməti mövzusunda 6 aydır davam edən müzakirələrdən nəticə əldə olunmadığını xəbər verib. “Bloomberg”dən verilən məlumata əsasən, qazın qiyməti ilə bağlı aparılan müzakirələr zamanı tərəflər arasında yaranan anlaşılmazlıq səbəbindən “Türk axını” layihəsi imzalanmasının ən azı oktyabr ayına qədər təxirə salınıb.
Qeyd edək ki, “Türk axını” layihə üzrə ilk qaz nəqlinin 2016-cı ilin dekabrında həyata keçirilməsi planlaşdırılırdı. Amma indidən aydındır ki, əgər hər hansı razılaşma olsa belə, ilk qaz nəqlinin gələn ilin dekabrına nəqli qeyri-mümkündür.

Prezidentin səfəri və Kremlin qəzəbi...

Qeyd edək ki, Respublika günü ilə bağlı keçirilən tədbirdə prezident İlham Əliyev də ilk dəfə TAP layihəsinin həyata keçirilməsində problem yarandığına işarə edib. “Ümid edirəm ki, TAP qarşısında hər hansı süni maneə meydana çıxmayacaq, ancaq belə əngəllər meydana çıxsa, əlbəttə ki, bundan udan tərəf olmayacaq” deyə, prezident xəbərdarlıq da etdi.
“Türk axını”nın qaranlıq taleyinin müzakirə edildiyi bir vaxtda Azərbaycan rəhbərinin İtaliyaya işgüzar səfəri diqqət çəkir.
Məlumdur ki, İtaliya TAP layihəsinə ciddi önəm verən ölkələrdəndir. İtaliyada boru kəmərinin quru hissəsinin tikintisi üzrə ilkin seçim mərhələsi artıq elan edilib. Terminal İtaliyanın “Snam Rete Gas” qaz nəqli şəbəkəsinə qoşulacaq.
İtaliya TAP-ın təqdim etdiyi ekoloji layihə haqqında sənədi də artıq imzalayıb. Bu o deməkdir ki, rəsmi Roma TAP-ın reallaşmasına ciddi maraq göstərməklə yanaşı, artıq bu planın gerçəkləşməsi üçün ilkin addımları atıb. Böyük ehtimalla prezidentin İtaliya rəsmiləri ilə görüşündə əsas müzakirə mövzusu TAP-la bağlı olacaq.
Maraqlıdır ki, energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə iyunun 8-dəki görüşündə “Türk axını” və TAP-la bağlı danışıb. N.Əliyev deyib ki,TAP-ın reallaşdırılması istiqamətində işlər qrafikə uyğun aparılır. Nazir TAP ətrafında müşahidə olunan problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib: “BTC nümunəsi də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir”.
ABŞ səfiri R.Sekuta isə bildirib ki, rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək. “Türk axını” ilə bağlı vəziyyət Qərblə Rusiya arasında gərginliyi daha da artıracaq ki, bu Azərbaycana da təsirsiz ötüşməyəcək...(“Yeni Müsavat”)


Şərhlər