Menu

Prezidentin ailəsinin 300 milyonuna həbs qoyuldu - "500 milyon rüşvət verib..."

13.07.2015, 19:36
Prezidentin ailəsinin 300 milyonuna həbs qoyuldu - "500 milyon rüşvət verib..."

Xarici KİV-in yaydığı məlumata görə, ABŞ Ədliyyə Nazirliyi Özbəkistan prezidenti İslam Kərimovun ailəsi ilə əlaqəli «MTS» və «Vimpelcom» şirkətlərinin bu ölkənin telekommunikasiya bazarındakı fəaliyyətinin araşdırılması ilə əlaqədar olaraq, onların 300 milyon dollar vəsaitinin üzərinə həbs qoymaq üçün Nyu-York Cənub dairəsi məhkəməsindən icazə alıb. Xəbəri «Bloomberg» agentliyi yayıb.

ABŞ hüquq-mühafizə təşkilatlarını maraqlandıran pul vəsaitləri «Bank of New York Mellon»-nun hesablarında, həmçinin İrlandiya, Lüksemburq və Belçika banklarında yerləşir.

Bu vəsaitin bir hissəsi «Takilant Ltd»-yə məxsusdur. Bu müəssisə isə Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə əlaqəli hesab olunur. «Vimpelcom» 2014-cü ildə özünün illik hesabatında «Takilant»-la apardığı sövdələr barədə məlumatları açıqlayıb. Məlumatda deyilir ki, 2007-ci ildə şirkət özünün Özbəkistan biznesinin 7,0 faizini 20,0 milyon dollara «Takilant»-a satıb, 2009-cu ildə isə həmin payı 57,5 milyon dollara geri satın alıb. Bundan başqa, «Vimpelcom» 3G və LTE tezlikləri, həmçinin rabitə kanalları üçün «Takilant»-a daha 57,0 milyon dollar ödəyib.

Bu ilin yanvarında «Vimpelcom»-un Norveç səhmdarı «Telenor» anonim hesabat dərc edib. Hesabat Norveçin ticarət, sənaye və balıqçılıq nazirliyinə daxil olub. Hesabatdan aydın olur ki, «Vimpelcom» 2006-2012-ci illər aralığında Gülnarə Kərimovaya əvvəllər xəbər verildiyindən daha artıq məbləğdə - 219,5 milyon dollar rüşvət ödəyib.

Özbəkistandakı fəaliyyəti bir ildən aprtıq müddətdir ki, ABŞ Ədliyyə nazirliyi tərəfindən araşdırılan «MTS» şirkətinin nümayəndəsi hesabların həbs olunması barədəki iddianı şərh etməkdən boyun qaçırıb.

Ədliyyə nazirliyi öz iddiasında təsdiq edir ki, «Vimpelcom» və «MTS» şirkətləri Özbəkistan prezidentinin ailəsi ilə əlaqəli olan strukturlara 500,0 milyon dollar rüşvət vermək məqsədilə yalançı şirkətlər şəbəkəsindən və saxta konsaltinq müqavilələrindən istifadə edib. Rüşvət, Özbəkistanın telekommunikasiya bazarına daxil olmaq məqsədilə verilib.

«Özbək işi»-nin araşdırılması ilə eyni zamanda, Niderlandın («Vimpelcom»un mənzil-qərargahı Amsterdamda yerləşir), İsveçin, İsveçrənin və ABŞ birja və qiymətli kağızlar üzrə Komissiyasının da məşğul olduğu bildirilir. İsveç hakimiyyət dairələrinin araşdırmaları artıq «TeliaSonera»-nın baş direktoru Larsa Nyüberqin və bir sıra top-menecerin istefası ilə nəticələnib.

Məlumat üçün bildirək ki, «TeliaSonera» şirkəti Azərbaycanın telekommunikasiya bazarında da işləyir. Belə ki, ölkənin aparıcı mobil rabitə şirkəti «Azercell Telekom»-un əsas səhmdarı «Fintur Holdings» şirkətidir. Bu şirkət isə «TeliaSonera» (58,55 faiz) və «Turkcell» (41,45 faiz) şirkətlərinin yaratmış olduğu birgə müəssisədir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol