Menu

Tarif Şurasına daha bir səlahiyyət verildi

15.07.2015, 09:52
Tarif Şurasına daha bir səlahiyyət verildi

Milli Depozit Mərkəzinin göstərdiyi xidmətlər üzrə xidmət haqları Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunacaq.

“Marja” xəbər verir ki, Tarif (qiymət) Şurasına belə bir səlahiyyət İyulun 14-də Azərbaycan Prezidentinin “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Fərmanı ilə verilib.

Fərmandan məlum olur ki, mərkəzi depozitarın xidmət haqları Milli Depozit Mərkəzinin Müşahidə şurasının təklifləri əsasında Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunacaqdır.

Mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir. Mərkəzi depozitar müvafiq icra hakimiyyəti orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir. Mərkəzi depozitarın əsas məqsədi mənfəət götürmək deyil və fəaliyyəti nəticəsində əldə edilən mənfəət depozitar sisteminin inkişafına yönəldilir.

Mərkəzi depozitar, qiymətli kağızların saxlanması və uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması, nominal saxlayıcıların hesablarının uçotunun aparılması, qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı və s. istiqamətlər üzrə fəaliyyət göstərir.

Milli Depozit Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli Depozit Sistemi haqqında" Əsasnaməyə müvafiq olaraq 18 sentyabr 1997-ci il tarixində təsis edilmişdir. MDM-in 100% səhm zərfi dövlətə məxsusdur və mülkiyyətin sərəncamçısı qismində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi çıxış edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb və bu gün rəsmi mətbuatda yayımlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol