Ucar rayonu Rəstəcə kənd sakini İsayeva Kəmalə Ağasəlim qızı "AzPolitika.info" saytı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edib. Müraciətdə bildirilir:
"36 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Emil Kamilov və oranın əməkdaşı Talıb Məcidovun məndən 1000 manat rüşvət istəmələri barədə mətbuatda gedən şikayətimdən sonra hədə-qorxuya məruz qalmışam. Belə ki, şikayətim mətbuatda ictimailəşdikdən sonra Emil Kamilov məni idarəyə çağırıb bir nəfər adını təqdim etməyən şəxsi göstərdi və onun Bakıdan - nazirlikdən gəldiyini söylədi. Ona izahat verməli olacağımı bildirdi.
Özünü nazirlikdən gələn şəxs kimi təqdim edən həmin adam, sanki Emil Kamilovun vəkili kimi çıxış edib, yalan danışdığımı mənə irad tutdu. Hər ikisi məni məcbur edirdilər ki, izahat yazım ki, məndən rüşvət istənilməyib, əsəbi olub yazmısan. Belə edərsənsə sənin 2-ci qrup əlilliyini bərpa edəcəyik.
Mən isə buna razı olmadım. Onda Emil Kamilov yüksək tonla dedi ki, hara şikayət etsən də, mənası yoxdur. Dedi ki, pulumu verib, işimi həll edəcəm, mən haqlı, sən haqsız çıxacaqsan. Prinsipə qaldısa, sənin əliliyini bərpa etməyəcəm. Biz nazirliyimizin qoyduğu qanunlarla işləyirik, xoşun gəlmir get yenə şikayət et. Nə etsən mənası olmayacaq, sənin özünü məsuliyyətə cəlb edəcəklər. Həqiqətən də oradakı acınacaqlı mənzərədən dəhşətə gəldim. Mənim kimi əsil xəstə insanlar əlillik dərəcəsini ala bilmirlər, əzab-əziyyət çəkirlər. Ancaq adamlar tanıyıram ki, tam sağlam olsalar da saxtakarlıqla, rüşvət hesabına əlillik dərəcəsi alırlar. Dövlətdən hər ay müavinət alırlar. Bunun nəticəsində külli miqdarda pullar havaya sovrulur. 36 saylı TSEK-də qeydiyyatda olan əlillərin, təkrar və əsaslı komissiyası keçirilərsə, 90% -nin tam sağlam olmaları subut olunacaq.

Xatırladım ki, 1990-cı il tarixdə evimizdə çörək bişirən zaman qaz peçinin partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarəti almışam. Buna görə 2-il xəstəxanada stasionar müalicə olunmuşam. Bədənimin 80%-i ağır dərəcədə yanıb. Damarlarımın çox hissəsi yandığı üçün hərəkət qabiliyyətim məhdudlaşıb, həmçinin danışanda belə çətinlik çəkirəm. Əmək qabiliyətimi itirdiyim üçün mənə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdi və buna görə müavinət alırdım.
Keçən il əlillik dərəcəmin təyin edilməsi üçün təkrar həkim komissiyasından keçirilmə adı ilə 36 saylı TSEK-in həkimi Talıb Məcidov sənədlərimi alıb baxdı. Və mənə dedi ki, 1000 manat verməsən, sənə növbəti dəfə əlillik dərəcəsi təyin edə bilməyəcəyik.
Mən buna görə 36-saylı TSEK-nın baş həkimi Emil Kamilovun qəbulunda oldum. Dedim bəlkə rəhmi gəlib ciddi xəstə, həqiqi əlil olmağımı nəzərə alıb, qanuni qaydada qərar çıxarar. Ancaq çox təssüf olsun ki, Emil həkim işçisinin dediyi sözü təkrarlayıb, 1000 manat verməli olacağımı dedi.
36 saylı TSEK-nın bu korrupsiya əməlləri barədə aidiyyatı orqanlara şıkayət ərizələri ilə müraciət etmişəm.
Mən növbəti dəfə mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova müraciət edirəm.
Hörmətli insanlar, mətbuatdakı müraciətimdən sonra ümid etdim ki, şikayətimi araşdırıb məndən rüşvət istəyən vəzifəli şəxslərin barəsində tədbir görərlər. Ancaq çox təssüf olsun k, nazirlikdən gələn şəxs məndən rüşvət istəyən Emil Kamilovu açıq-aşkar müdafiə etdi. Mən həqiqətən əmək qabiliyyətimi itirmişəm, xəstəyəm. Uzun illər buna görə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdi və müavinət alırdım. Səhhətim daha da ağırlaşdığı halda əlillik dərəcəmi ləğv etdilər. Nədi ki, istədikləri rüşvəti verməyə imkanım olmadı. Sizdən xahiş edirəm müraciətimi araşdırıb 36-saylı TSEK-nın rüşvətxor həkimləri barədə ciddi tədbirlər görəsiniz. İnanıram ki, 36 saylı TSEK-in müdiri Emil Kamilovun barəsində qanuni tədbir görəcəksiniz".
P.S. Şikayətdə qeyd edilənlərlə bağlı 36 saylı TSEK-in əməkdaşı Talıb Məcidovla əlaqə saxlamaq istəsək də, zəngimizə cavab vermədi. Bununla belə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də 36 saylı TSEK-in müdiri Emil Kamilovun mövqeyini işıqlandırmağa hazırıq.


Şərhlər