Odessa Vilayət Administrasiyası başçısının müavini vəzifəsinə təyinat almış, Rusiyanın sabiq baş naziri Yeqor Qaydarın qızı Mariya Qaydar özünün Rusiya-Ukrayna münasibətləri ilə bağlı mövqeyi mövzusunda bazar ertəsi geniş mətbuat konfransı keçirəcək. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə vilayətin qubernatoru Mixail Saakaşvili bildirib.
Sakaşvilinin qənaətincə, Mariya Qaydarın belə bir vəzifəyə təyinatı Rusiya hakimiyyətinə zərbədir. Çünki “belə bir sülalədən olan qız düşmən tərəfə keçib”.
Xatırladaq ki, qubernator Mariya Qaydar Ukrayna vətəndaşlığı alandan sonra onu sosial sferaya məsul müavin təyin edəcəyini vəd edib.
“Mariya iqtisadçıdır. Moskvada Xalq Təsərrüfatı Akademiyasında və Harvard Universitetində təhsil alıb. Mən onun atası Yeqor Qaydarı şəxsən tanıyır və çox hörmət edirdim. Mariya Ukrayna vətəndaşlığı almaq üçün artıq prezidentə ərizə yazıb” – qeyd edib Saakaşvili.


Şərhlər