Ukrayna xəbər qaynaqları bazar günü Maydana 200 minə yaxın etirazçının toplandığını bildirir. Ancaq bu dəfə mitinqə toplaşanların hədəfi yalnız iqtidar olmayıb. Aksiya iştirakçıları müxalifət liderlərini hərəkətsizlikdə ittiham edərək onları qəti və sərt addımlara çağırıb. Tribunaya çıxan vətəndaşlar müxalifətdən lider və hərəkət planı tələb edib.

Qeyd edək ki, hakimiyyətin Rusiyameylli siyasətinə qarşı xalqı Maydana çıxaran müxalifət öz içərisində bir sıra məsələlərlə bağlı razılaşma əldə edə bilmir. Son bir neçə həftədə “Udar”, “Batkovşina”, “Svoboda” Partiyaları qarşıdakı prezident seçkilərinə ayrılıqda gedəcəyini bəyan edib. Bu isə Maydanda etirazlarla qarşılanıb. Vətəndaşlar Ukraynanın gələcəyi naminə müxalifəti birliyə çağırıb.

Müxalifət lideriləri Kliçko və Tyaqnibok vətəndaşların bu tələbinə qeyri-müəyyən cavab versə də, “Azadlıq” Partiyasının lideri Yatsenyuk daha orijinal bir variant təklif edib: “Mən düşünürəm ki, bu gün Ukraynada bir lider var – xalq. Müxalifət də hakimiyyət də həmin liderin diqtəsini dinləməlidir. Mən müxalifət qüvvələrini paralel hakimiyyət institutları yaratmağa çağırıram. Düşünürəm ki, bu proses hakimiyyətin xalqa keçməsini daha da tezləşdirəcək”.

Yanvarın 20-də səhər saatlarında da mitinqçilər Ukrayna Radasının binasını tutmağa çalışıb. Toqquşmalar zamanı Ukrayna Ali Radasının müxalifətçi deputatları arasında da yarananlar olub.

Müxalifətçilər arasında xeyli insan aksiyanın dinc şəkildə davam etdirilməsinin tərəfdarı olduqlarını bildirərək aqressiv kəsimi sakitliyə dəvət edib. Ancaq əsasən gənclərdən ibarət qruplar Ali Radanın binasını zəbt etməkdə qərarlı olduğunu bildirib. Müxalifət partiyaları iddia edir ki, bu şəxslərin çoxu təxribatçılardır və Maydanı dağıtmaq üçün müxalifət qüvvələrinin içərisinə yerləşdiriliblər.

Hakimiyyət isə bütün hökumət binalarının mühafizəsini möhkəmləndirir. Prezident sarayı başda olmaqla, bütün rəsmi strukturların binalarını polis və xüsusi xidmət orqanlarının dəstələri qoruyur.

Ukrayna mediası onu da yazır ki, müxalifət qüvvələri 19 yanvar iğtişaşlarına öncədən hazırlaşırmış. Aksiya iştirakçılarının silahları – “Molotov kokteyli”, armaturlar, dəyənəklər buna sübut kimi göstərilir. Şahidlər bildirir ki, məhz “Molotov koktey”linə görə “Berkut” bir neçə saat vətəndaşlara hücum etməkdən çəkinib. Yalnız axşam saatlarında öncə su şırnaqları, daha sonra isə gözyaşardcı qazla ilk həmlələr başlayıb.

Yanvarın 20-də prezident Viktor Yanukoviçin təşəbbüsü ilə müxaliflərlə danışıqlar üçün yaradılan işçi qrup işə başlamaq istəyib. Hakim Regionlar Partiyasından verilən xəbərə görə, işçi qrupa Milli Təhlükəsizlik Şurasının sədri Andrey Klüçev rəhbərlik edir. Bir neçə prezident müşaviri və nazirlərin təmsil olunduğu işçi qrup bu gün ilk toplantısını keçirib. Prezident Yanukoviç işçi qrupa yanvarın 20-də axşam saatlarında müxalifətlə danışıqlara başlamağı tapşırsa da müxalifət təklif olunan formatda danışıqlardan imtina edib.

“Udar” Partiyasının sədri Vitali Kliçko yalnız prezident Viktor Yanukoviçlə danışıqlar masasına əyləşəcəklərini deyib. Kliçko bildirib ki, yanvarın 19-da prezidentlə görüşündən sonra onun Ukraynadakı böhranı yatırmağa hazır olduğu qənaətinə gəlib. Müxalifət lideri bu yöndə qətiyyətli addımlar atmaq üçün prezident Yanukoviçi danışıqlar masasına dəvət edib.

Müxalifət liderləri bildirir ki, yanvarın 19-da baş verənlər artıq hakimiyyətin vətəndaş savaşından çəkinməyəcəyini göstərir. Ölkədə qanlı toqquşmalara yol verilməməsi üçün müxalifət birlikləri hakimiyyətə 5 tələb irəli sürüb:

1. Təcili şəkildə prezident və parlament seçkisi təyin edilsin,

2. Prezident seçkiləri haqqında qanuna dəyişikliklər edilsin (MSK-nın 3 üzvü protokolu imzalasa, nəticələr etibarlı sayılır. Müxalifət 3 nəfərin yetərsiz olduğunu düşünərək bu sayın 7-yə qaldırılmasını tələb edir)

3. Nazirlər Kabinetinin buraxılsın, müvəqqəti hökumət qurulsun.

4. Daxili İşlər Naziri istefaya göndərilsin və xalqa qarşı güc tətbiqetmə əmri verdiyinə görə qanuni qaydada cəzalandırılsın,

5. Bütün mübahisəli qanunların icrası dayandırılsın və aksiyalar zamanı həbs edilənlərin hamısına amnistiya tətbiq edilsin.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton isə Ukraynadakı 19 yanvar iğtişaşlarından sonra iqtidar-müxalifət dialoquna başlanmasının işartılarını müsbət irəliləyiş adlandırıb. Belə bir açıqlama ilə Ketrin Eşton

Avropa Birliyinin xarici işlər nazirləri səviyyəsində keçirilən toplantısında çıxış edib: “Biz bir neçə gündür Ukraynada yaşananları ciddi şəkildə izləyirik. Mən prezident Yanukoviçin müxalifət liderləri ilə dialoqa başlamaq istəyini görürəm. Bunu müsbət irəliləyiş kimi dəyərləndirirəm”.

“Unian-net”-in əldə etdiyi xəbərə görə, bazar günü və bazar ertəsi səhər saatlarında davam edən iğtişaşlarda yaralanan 120-yə yaxın şəxs Kiyev xəstəxanalarına müraciət edib. Onların çoxu gözyaşardıcı qazdan zəhərlənənlər və rezin güllələrdən zədə alanlardır. Ukrayna Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, 70-yə yaxın polis Kiyev xəstəxanalarındadır.(musavat.com)

Səhiyyə nazirliyindən verilən xəbərdə isə bildirilir ki, ötən gün baş verən qarşıdurma zamanı xəsarət alan 4 vətəndaşın durumu son dərəcə ağırdır. Onlardan birinin barmaqları amputasiya edilib. Digər 3 nəfər isə gözündən rezin güllə yarası alıb. Həkimlər onların hər birinin bir gözünü çıxarmaq məcburiyyətində qalıb.

--------------

Rusiyanın İTAR-TASS agentliyinin məlumatına görə, 16 saatdan artıqdır ki, Daxili Qoşunların xüsusi təyinatlı “Berkut”dəstələri ilə nümayişçilər arasında Kiyevin “Dinamo” stadionun yaxınlığındakı Qruşevskiy küçəsində qızğın döyüş gedir. Məlumatda deyilir ki, radikal əhval–ruhiyyəli nümayişçilər tədricən azalıb və onların sayı təxminən 2000 nəfərdən artıq olmaz. Hüquq –mühafizə orqanlarının qüvvələri hökumət binalarına tərəf gedən yollarda bir neçə kardon yaradıblar. Rəsmi dövlət binalarına hücumun qarşısını almaq məqsədi ilə, bu küçələri boş avtobuslarla bağlayıblar. Gərgin keçən qarşıdurmanı bir çox mitinqçı heç-heçə adlandırir.

Dünən müxalifət liderlərindən olan Vitaliy Kliçko prezident Yanukoviçlə görüşüb və ona mitinqçilərin tələblərini çatdırıb. Onlar yaranmış çətin vəziyyətdən çıxış yollarını müzakirə ediblər. Kliçko bildirib ki, bunun üçün xüsusi komissiyanın yaradılması nəzərdə tutulur.

***

Kiyevdə yanvarın 19-u səhərdən başlayan aksiyalar hələ də davam etməkdədir. Aksiya iştirakçılarının DİN-in xüsusi təyinatları və «Berkut»la toqquşmaları səngimir. Hər iki tərəfdən yaralananların sayı 100 nəfəri ötüb. Dörd polis avtobusu və iki yük maşını yandırılıb. Hazırda tamamilə yararsız vəziyyətə düşmüş nəqliyyat vasitələrinin qalıqları polislə aksiya iştirakçılarını ayırır.

Polis əməkdaşları yandırılan avtobuslardan təxminən 100 metr arxaya çəkilərək, qalxanlarla barrikada qurub.

Qarşıdurma başlayan gecə aksiya iştirakçıları parlament kitabxanasının və «Dinamo» stadionunun yanında Qruşevski küçəsində möhkəmləniblər. Elə buradaca aksiya iştirakçıları polisə müqavimət göstərmək məqsədilə xırda daşlardan ibarət «baza» düzəldiblər.

Bu gün səhər stadionun yaxınlığında aksiyaçıların təxminən on nəfərə yaxın mobil qrupu polisin kordonunu yarmağa cəhd ediblər.

Tərəflər vaxtaşırı olaraq bir-birinə qarşılıqlı hücumlar edirlər. Aksiyaçılar polisə qarşı hücumda xırda daşlardan və «molotov» koktelindən istifadə edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə aksiyaçıların yaxınlaşması zamanı rezin gülləri işə salırlar. Mitinq iştiraçılarının aktivliyindən asılı olaraq səsli qranatlardan da istifadə olunur. Aksiya iştirakçıları isə polisin bu hücumuna zibil vedrələrindən hazırlanmış barabanları döyəcləməklə cavab verir.

Aksiya iştirakçıları polisin rezin gülələri və qranatlarından özlərini kustar üsulla metal lövhələrdən düzəltdikləri iri qalxanlar vasitəsilə qoruyurlar. Yerli kanallar bu müdafiə vasitəsini «Troya atı» adlandırıblar.

Hazırda Qruşevkski küçəsində hərəkət tamamilə dayandırılıb. Yaxınlıqda yerləşən parklardan da istifadə etmək mmkünsüzdür. Burada da polislə aksiya iştirakçıları barrikada qurublar. Küçə boyunca səkilər aksiya iştirakçıları tərəfindən polisə qarşı istifadə edilmək üçün dağıdılıb.

Polis indiyə qədər 20-yə yaxın aksiya iştirakçısını həbs edib. Urayna DİN-in «İntefaks» agentliyinə verdiyi məlumata görə, onlardan doqquzu kütləvi aksiyanı təşkil etdiklərinə görə saxlanıblar. Maraqlıdır ki, saxlanılanlar arasında «azadlıq radiosu»nun yerli bürosunun əməkdaşları da var. Jurnalistlərin qarşıdurmanın gedişatı zamanı aksiya iştirakçılarının sıralarını tərk edərək güc strukturlarının yanına yaxınlaşması onların həbsi ilə nəticələnib. Eyni zamanda «Azadlıq radiosu»nun aksiyanı canlı işınqlandırması da bu an dayanıb.

«Berkut» aksiya iştirakçıları ilə qarşıdurma zamanı onlardan ikisini vəhşicəsinə döyərək, şaxtalı havada soyundurub və aksiyaçılara doğru qaçmağa məcbur edib.

«Avtomaydan» Kliçkonu etirazların vahid lideri seçdi»

Bu arada yayılan məlumatlara görə, «Avtomaydan» «UDAR» partiyasının rəhbəri Vitaliy Kliçkonu etiraz hərəkatının vahid lideri seçib. «Ukrayna xalqının çətin və təhlükəli anlarında yalnız bir lider ön cəbhədə olub. Bu Vitaliy Kliçkodur», bu sözləri «Avtomaydan»ın fəallarından biri Dmitriy Bulatov öz «facebook» səhifəsində yazıb. «Avtomaydan»ın iştirakçılarının növbəti dəfə Ali Radaya yürüş etməsinin qarşısı alınandan sonra, aksiya iştirakçılarının böyük əksəriyyəti etirazın güc yoluna müraciət edərək davam etməsi ssenarisini dəstəkləmədiklərini vurğulamışdılar. «Avtomaydan»ın fəalları hətta sosial şəbəkələrdə polisin təxribatına uymamaqla bağlı çağrış da dərc etmişdilər. «Biz bu gün tökülən qana və sındırılan talelərə görə məsuliyyət daşımaq istəmirik», deyə çağrışda vurğulanırdı. Elə həmin gün «Avtomaydanın» iştirakçıları müxalifətə müraciət edərək vahid liderlə bağlı razılığa gəlmələrini istəmişdilər. «Batkivşina» fraksiyasının lideri belə çağrışların təxribat xarakterli olduğunu düşünür. O, hesab edir ki, prosesin lideri hər hansı bir fərd yox, xalq olmalıdır. O da bildirilir ki, Qruşevski küçəsində polis kordonuna hücum edən aksiya iştirakçılarını məhz Vitaliy Kliçko sakitləşdirməyə çalışırmış. Amma onun cəhdləri bir fayda verməyib və kütlə sadəcə olaraq onu fitə basıb. Daha sonra dövlət başçısı Yanukoviçin rezidensiyasına yola düşən Kliçko onunla görüşməyə müvəfəq olub. Görüşdən sonra Kloiçko Yanukoviçin danışıqlara hazır olduğunu bildirib.(azadlıq)

Məlumata əlavələr olacaq.