Menu

"Gəlin bir həqiqəti anlayaq ki, bu “savaş”da qalib yoxdur" - Qubad İbadoğlu

20.01.2014, 17:16
"Gəlin bir həqiqəti anlayaq ki, bu “savaş”da qalib yoxdur" - Qubad İbadoğlu

Müsavat Partiyasının Divan üzvü, tanınmış iqtisadçı Qubad İbadoğlu bu gün Cəbhəçi və Müsavatçılara müraciət ünvanlayıb. AzPolitika.info həmin müraciəti təqdim edir: 

"Dəyərli Müsavatçı və Cəbhəçi dostlarım!

Azərbaycan tarixinin bu şərəfli günündə şəhidlərimizi ziyarət etdikdən sonra Sizə müraciət emək qərarına gəldim. Əsla kiməsə nəsihət vermək niyyətində deyiləm! Əksinə, Müsavatçı və AXCP-çi dostlarıma güvəndiyimdən, onların məni eşidəcəyinə inandığımdan dərin üzüntünun, eyni zamanda, əqidə dostlarıma olan sarsılmaz inamın doğurduğu qarışıq bir hiss içində bu kiçik müraciəti qələmə alıram.

Biz – Müsavatçılar və Cəbhəçilər azad və demokratik Azərbaycan uğrunda verdiyimiz mücadilənin çox çətin sınaqlarından çıxmışıq, ağır və məşəqqətli zamanlarda bir tikəmizi qardaş səxavəti ilə min yerə bölmüşük. Xalqın gözü tərəzidir, məhz elə ona görə də Azərbaycan xalqının böyük bir hissəsinin ümid yerinə çevrilmişik. Ancaq illərlə misqal-misqal qazandığımız bu Ümid yeri ünvanını, nə yazıq ki, indi fərqinə varmadan, zalımcasına batman-batman xərcləyirik, demokratik düşərgəni gərəksiz eqolarımız və çürük ittihamlarımızla gözdən salırıq.

Dəyərli dostlarım!

Bir daha Sizə səslənirəm, bizə müstəqillik və demokratiya kimi əvəzolunmaz sərvət bəxş eləmiş Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolununun həqiqi davamçılarına üz tuturam: Gəlin bir həqiqəti anlayaq ki, bu “savaş”da qalib yoxdur, olsa belə, o Pir qələbəsi heç bir tərəfə lazım deyil! Bəs, onda nədən bu “savaşı” dayandırmır, bu nifaq alovunu körükləyənlərə “dur” demirik?!

Hörmətlə,

Qubad İbadoğlu,

20 yanvar 2014-cü il"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol