PKK-çılar jurnalist vəsiqələriylə hökumət binalarına girəcəkmiş
Türkiyə Silahlı Qüvvələri günlərdir ölkənin ayrı-ayrı bölgələrində PKK-ya qarşı hərbi əməliyyatlar həyata keçirir, terrorçuların mövqelərinə hava zərbələri endirirlər. Bu gün antiterror əməliyyatlarının ünvanı İstanbul olub. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları şəhərin Ümraniye, Ataşehir, Çekmeköy, Sancaktepe, Gaziosmanpaşa və Beylikdüzü ərazilərində xüsusi əməliyyat keçiriblər. Xüsusi-xidmət orqanlarının da dəstək verdiyi əməliyyat zamanı 22 ünvana basqın edilib. Nəticədə 7 şübhəli həbs olunub, axtarış aparılan mənzillərdən silah-sursat, sənədlər, çəkiliş qurğuları və adı açıqlanmayan media qurumuna məxsus vəsiqələr aşkarlanıb.
Terrorla Mübarizə Şöbəsi antiterror əməliyyatının nəticəsi olaraq müəyyən edib ki, PKK İstanbulun ayrı-ayrı yerlərində qanlı terror aktları planlaşdırıbmış. Həmin planlardan birinə görə, PKK-çılar saxta jurnalist vəsiqələrindən istifadə edərək hökumət binalarına daxil olmalı və orada terror aktı həyata keçirməli imiş.


Şərhlər