Menu

Səhiyyə Nazirliyi jurnalistin ölümü haqda açıqlama verdi

10.08.2015, 14:14
Səhiyyə Nazirliyi jurnalistin ölümü haqda açıqlama verdi

Ötən gün dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölüm səbəbləri yalnız iki-üç gündən sonra dəqiq bəlli olacaq.Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən deyiblər ki, Rasim Əliyevin ölümünün səbəbləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri tərəfindən araşdırılır.

Nazirlik nəticələrdən sonra həkimin səhlənkarlığının olub-olmadığına qərar verəcək: “Nəticələr ictimaiyyətə açıqlanacaq. Hadisə nazirliyin nəzarətindədir”.

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov isə virtualaz.org saytına deyib ki, xəstə daxil olarkən tam və hərtərəfli müayinə olub: “Ekspertizanın nəticələrini gözləyirik. Nəticələr isə bir neçə gündən sonra bəlli olcaq. Amma ilkin nəticələrə görə, ölümə səbəb dalağın və ağciyərin zədələnməsi olub. Jurnalistin sağ və sol qabırğaları qırılmışdı. İlkin müayinələrdə daxili qanaxma, dalağın zədələnməsi görünməyib. Tibbdə buna ikincili partlama deyilir, daxilə qan yığılıb. Bu hal mümkündür. Xəstə təkrar müayinələrdən sonra əməliyyata gtürülüb. Cərrahiyyə əməliyyatını isə hər hansı bir təsadüfi həkim deyil, təcrübəli professor edir. Xəstənin ölümündə həkim səhlənkarlığı yoxdur”.

Baş həkimin müavini xəstənin reanimasiyaya köçürülməməsini də izah edib: “İlkin analizlərin nəticələrində vəziyyət qənaətbəxş olub. Buna görə də xəstə nəzarətdə saxlanılıb. Ona sistem köçürülüb”.

Cərrah Anar Babayev isə virtualaz.org saytına bildirib ki, dalaqda subkapsulyar qanaxma olur, lakin ilkin müayinə zamanı heç nə aşkarlanmır: “20-30 dəqiqədən sonra isə qarın boşluğuna maye yığılır. Buna görə də xəstə hər 20 dəqiqədən bir müayinə olunmalı idi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol