Menu

Müdafiə Nazirliyi cəbhədəki gərginliyə dair sensasiyalı açıqlama yaydı

24.01.2014, 11:10
Müdafiə Nazirliyi cəbhədəki gərginliyə dair sensasiyalı açıqlama yaydı

"Düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların həm də qeyri-erməni dilində səsləndirilməsi qeydə alınıb"

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib. Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb.

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 93 dəfə atəşkəs rejimi pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Vazaşen, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Mosesqex, Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Müdafiə Nazirliyinin bu açıqlamasını sensasiyalı hesab etmək olar.  "Düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb"! Bu nə deməkdir? Diversiya qrupuna komanda hansı dildə verilib? Bu nə dildir ki, Azərbaycan hərbiçiləri onun erməni dili olmadığını müəyyən edə bilsələr də, "qeyri-erməni dilinin" nə olduğunu ayırd edə bilməyiblər?

Olmaya diversiya qrupu rus hərbiçilərindən ibarət olub?

Belədirsə Azərbaycan MN bunu açıq şəkildə yazmaqdan niyə çəkinir?

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol