Bir neçə gün əvvəl jurnalist Rasim Əliyevin futbolçu Cavid Hüseynovla aralarındakı insidentdən sonra döyülərək öldülürülməsilə bağlı məsələni ölkə başçısı İlham Əliyevin nəzarətə götürməsindən sonra hadisənin araşdırılması ilə bağlı artıq nəticə var.
Jurnalistin ölümü ilə bağlı futbolçu Cavid Hüseynovla birgə artıq altı nəfər həbs edilib. Amma bu xəbərlər, hər şeyi siyasiləşdirən bəzi beynəlxalq təşkilatların ünvanına çatmayıb. Hər halda, ölkə başçısının məsələyə reaksiyası artıq bu qumulara mesaj olmalı idi.
ANS TV-nin məlumatına görə, jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən futbolçu Cavid Hüseynov həbs edildi. Bu gün Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə keçirilən prosesdə “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov haqqında üç aylıq həbs qətimkan tədbiri seçilib.
Futbolçu Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsilə ittiham olunur. Caviddən başqa, futbolçunun bibisi oğlu da daxil olmaqla daha 5 nəfər də həbs edilib.
Onlar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə ittiham edilirlər.
Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Prokurorluğunun yaydığı birgə məlumatda deyilir ki, istintaq zamanı Rasim Əliyevə məxsus mobil telefonu, cinayətin iştirakçısı Arif Əliyev sındıraraq yaşadığı Bakıxanov qəsəbəsində yerləşən şadlıq saraylarından birinin yaxınlığındakı zibilliyə atıb. Həmin mobil telefon maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
Hadisədən isttifadə edən Avropa Şurası və Avropa İttifaqı məsələ ilə bağlı gözlənildiyi kimi dərhal bəyanatlar verib.
Avropa İttifaqı ali nümayəndəsinin xarici işlər və siyasət ofisi jurnalistin ölümünə səbəb olanların məsuliyyətə cəlb edilməsini və cinayət işinin tam şəffaf araşdırılmasını tələb edir.
Azərbaycan hakimiyyəti də öz növbəsində beynəlxalq qurumların bəyanatını cavabsız qoymayıb.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurasının baş katibi Yaqlandın Rasim Əliyevin ölümü ilə bağlı münasibət bildirərkən deyib ki, ölkə başçısı jurnalistin ölümündən ciddi narahatdır və bunu ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirir:
“Dövlət başçısı aidiyyəti orqanlara cinayət faktının hərtərəfli araşdırlması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsilə bağlı tapşırıqlar verib və məsələni şəxsi nəzarətinə götürüb. Cənab prezident bəyan edib ki, bundan sonra da söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaq. Lakin cənab Yaqlandın açıqlamasından görünür ki, o, baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyil. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı gördüyü işlərlə tanış olduqdan sonra Yaqlandın bu tipli açıqlamalarına ehtiyac qalmayacaq".
Xarici İşlər Nazirliyi isə bəyan edir ki, Avropa Şurası jurnalistin ölümünü siyasiləşdirir. Nazirliyin açıqlamasında deyilir ki, Avropa Şurası və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq.


Şərhlər