Xaici xəbər agentliklərinin məlumatına görə, Belqrad şəhərinin park və bağçaları, xüsusilə də avtobus və dəmiryolu vağzallarına yaxın ərazilər miqrantların kor-təbii düşərgəsinə çevrilib. Hər gecə, rahat həyat arzusu ilə Avrozonaya yollanan 500-700 Suriyalı, Əfqanıstanlı və digər ölkələrdən olan miqrant gecələmək üçün belə «düşərgə»lərdə toplaşır. Ağacların kölgəsində - otlar üzərində bütöv ailələr yatır, yemək yeyir, yuyunur, paltarlarını qurudur.
Burada Belqrad insan haqları Mərkəzinin nümayəndələri miqrantlara sığınacaq almaq üçün prosedur qaydaları üzrə hüquqi yardım göstərirlər. Bundan başqa, digər qeyri-hökumət təşkilatlarından olan könüllülər (volontyorlar) da miqrantlara baş çəkir, onları ərzaq və şəxsi gigiyena məhsulları ilə təchiz edirlər. Onların sözlərinə görə, qaçqınların əsas problemi bu parklarda tualetlərin olmamasıdır.
Miqrant axınları ilə əlaqədar serb KİV-də məlumatlar yer almağa başlayıb ki, guya Avropa İttifaqı Serbiyada qaçqınları qəbul etmək üçün xüsusi mərkəz tikməyi planlaşdırır. Amma Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial məsələlər üzrə naziri Aleksandr Vulin bu şayiələri təkzib edib.
«Serbiyada nə 400 min, nə də 4 min miqrant üçün mərkəz tikilməyəcək» - deyə o, jurnalistlərə bəyan edib və qeyd edib ki, bunu heç kim xahiş etməyib, Serbiya heç vaxt bununla razılaşa bilməz. Nazir əlavə edib ki, Serbiya miqrantlar üçün qəbul məntəqəsi deyil və kim ölkəyə gəlmək, ölkədən getmək isitəyirsə, bunu qanun çərçivəsində etməlidir.
AzPolitika.info


Şərhlər