Sərnişin avtobusu yolun kənarındakı səddə çırpılıb.
Rusiyada içərisində Azərbaycan vətəndaşları olan sərnişin avtobusu qəzaya uğrayıb.
Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi səhər 5.20-də Saratov vilayətinin Volsk rayonunda baş verib.
Belə ki, “Sızran-Saratov-Volqoqrad” şossesində 33 yaşlı sürücü avtobusu yolun kənarındakı səddə çırpıb. Nəticədə sərnişin avtobusu çuxura yuvarlanıb. Hadisə zamanı 5 Azərbaycan vətəndaşı xəsarət alıb. Yaralılar Volsk rayon xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlara lazımi tibbi yardım göstərilib.
Hazırda qəzanın təfərrüatları araşdırılır.
İlkin məlumata görə, avtobus Azərbaycan istiqamətində “Orsk – Bakı” marşrutu üzrə hərəkət edirmiş.


Şərhlər