Menu

Azərbaycanlı biznesmen vəhşicəsinə öldürüldü - Başına üç zərbə endiriblər

17.08.2015, 14:58
Azərbaycanlı biznesmen vəhşicəsinə öldürüldü - Başına üç zərbə endiriblər

Ukraynanın Xerson vilayətində yerli azərbaycanlı icmasının rəhbərlərindən biri, tanınmış biznesmen İlham Tağıyev vəhşicəsinə qətlə yetirilib.Virtualaz.org saytı xəbər verir ki, biznesmenin cəsədini ona məxsus olan “Mercedes”in içində tapıblar.

Milisdən bildirilib ki, avqustun 17-nə keçən gecə biznesmen öz avtomobilində Berislav şossesində icarəyə götürdüyü qaraja gedib. Orada onu qatillər yaxalayıblar və qətlə yetiriblər.

Cinayətkarlarr əvvəlcə İlham Tağıyevin başına küt alətlə üç zərbə endiriblər və onu yerə yıxıblar. Sonra təpikləyiblər və qabırğalarını sındırıblar. Biznesmeni öldürəndən sonra onun cəsədini maşınına qoyublar, cibindən evinin açarını çıxarıblar və ora yollanıblar.

Qonşuların bildirdiyinə görə, cinayətkarlar biznesmenin evinə daxil olaraq hər şeyi alt-üst ediblər. Onlar evdə çox güman ki, pul və qiymətli zinət əşyaları axtarıblar, divanları çeviriblər, xalçaları söküblər. Evdən nə qədər pul və qızıl oğurlandığı məlum deyil.

Hadisə vaxtı Tağıyevin arvadı və qızı evdə olmayıb. Onların yaxınlarını ziyarət etmək üçün Azərbaycana gəldiyi bildirilir. Biznesmenin oğlu isə Kiyevdə yaşayır.

Bildirilir ki, evdən külli miqdarda pulun oğurlandığı təxmin edilir. Çünki Tağıyev ət yaımfabrikatlarının satışı ilə məşğul olan iri firmanın regional şəbəkəsinin təmsilçisi olub. Həftənin sonunda bütün Xerson vilayəti üzrə ticarət nöqtələrindən hasilatı toplayıb və pulları firmanın hesabına köçürməyə hazırlaşırmış.

Biznesmen pulları avtomobilinin baqajında daşıyırmış. İstirahət günü isə o, pulları evdə qoya bilərdi. Ona görə də əməliyyatçılar quldur hücumunun biznesmenin fəaliyyəti barədə məlumatı olan mənbənin köməyi ilə həyata keçirildiyini təxmin edir.

İlham Tağıyev Xerson vilayətində yaşayan azərbaycanlıların ictimai-mədəni fəaliyyətində yaxından iştirak edib. Krımdan qaçqın düşmüş tatarların yerləşdirilməsinə kömək göstərib. Onun ölümü çoxları üçün ağır itki hesab edilir.

* * *

Ukrayna Azərbaycanlıları Konqresinin Xerson vilayəti üzrə sədr müavini, iş adamı İlham Tağıyevin qətli ilə bağlı vilayət prokurorluğunda cinayət işi qaldırılıb və hadisənin ilkin motivləri məlum olub.

Xerson vilayəti üzrə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Əlimərdan Kərimov APA-ya açıqlamasında bildirib ki, əslən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan, 1956-cı il təvəllüdlü Tağıyev İlham Tağı oğlu Xerson şəhərində iri mağazalar şəbəkəsinə malik olub. İlkin ehtimallardan biri cinayətin onun biznesi ilə əlaqəli olmasıdır.

Ə. Kərimov deyib ki, İ. Tağıyevin mağazalarında çalışan bəzi şəxslər tərəfindən ona qarşı təxribat törədildiyi güman edilir: “Prokurorluqdan bizə verilən məlumata görə, digər ehtimal bununla əlaqəlidir. Belə ki, həmin axşam onun maşınında külli miqdarda pul olub və bunu onun biznesində iştirak edən bəzi şəxslər bilib”.

Ə. Kərimov qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi məsələ ilə yaxından maraqlanır və Ukrayna Baş Prokurorluğu bu qətlin tezliklə açılmasına söz verib. Bu gün iş adamının nəşi Azərbaycana göndərilib və o, sabah Culfa rayonunda dəfn olunacaq.

Qeyd edək ki, İ. Tağıyev avqustun 17-nə keçən gecə Xerson şəhərində qətlə yetirilib. İş adamının meyitii ona məxsus “Mercedes” markalı avtomobildə tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol