Menu

Mingəçevirdə gərginlik

21.08.2015, 23:32
Mingəçevirdə gərginlik

Dünən axşam Mingəçevir Polis Şöbəsinin binasında dünyasını dəyişmiş Bəhruz Hacıyevin valideynləri və qohumları polis şöbəsindən hadisə barədə açıqlama istəyiblər. B. Hacıyevin atası Dilsuz Hacıyev deyib ki, o, oğlunun ölümü ilə bağlı ətraflı açıqlama tələb edir. Atası B. Hacıyevin intihar etməsinə inanmadığını qeyd edib. O, hadisənin obyektiv araşdırılmasını və səbəbkarların cəzalandırılmasını tələb edib.

Polis Şöbəsindən isə araşdırmaların nəticəsi barədə ailəyə və ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.

Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb. “İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” deyə E. Zahidov qeyd edib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov da Mingəçevir şəhər Prokurorluğu ilə əlaqə saxlayıb hadisə ilə maraqlandığını deyib. O da B. Hacıyevin üzərində zorakılıq əlamətləri aşkar edilmədiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol