Menu

"Rəhmətliyin narkoman yoldaşları istəyirdilər ki..." - Polis rəisi

23.08.2015, 18:03
"Rəhmətliyin narkoman yoldaşları istəyirdilər ki..." - Polis rəisi

Polis Şöbəsinin rəisi: “Mən işdən azad olunmağımı gözləyirdim, nazirə təşəkkürümə bildirirəm ki, humanistlik göstərib”

“Avqustun 22-də Mingəçevirdə Bəhruz Hacıyevin ölümünə etiraz olaraq keçirilən aksiyada saxlanan 21 nəfərdən 11-i elə həmin gün cərimələnərək azadlığa buraxılıb, 10 nəfərin işi araşdırılmaq üçün prokurorluğa verilib”.Bu barədə Azadlıq Radiosuna Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov məlumat verib.

Ələsgər Bədəlov onu da bildirib ki, qarşıdurma zamanı Mingəçevirdən olan 10 polis əməkdaşı xəsarət alıb, bir xidməti maşın sıradan çıxarılıb. Şöbə rəisi iddia edir ki, Bəhruz Hacıyevin ailə üzvləri və qohumlarını bir neçə dəfə qəbul edib, istəklərini nəzərə alıblar: “2 gün ərzində 7 dəfə ailə üvzlərini qəbul etmişik. Tələblərindən biri o olub ki, yerli ekspert Bakıdan gəlsin. Biz də dəvət etdik. Başqa nə dedilərsə, dedim, baş üstə. Meyidin müayinəsində qohumları iştirak edib. Bəhruz Hacıyevin şöbəyə gətirilməsi ilə onun özünü aşağı atması arasında 10 dəqiqə vaxt olub, bu müddət ərzində onu necə döymək olardı. Mən də tərəfdarıyam ki, bu işdə günahı olan hər kəs cəzalandırılsın. Rəhmətliyin narkoman yoldaşları istəyirdilər ki, şou yaratsınlar, meyidi götürüb şəhərdə gəzdirsinlər, polisin binası qarşısına gətirsinlər.Dövlətin heç bir qanununda elə bir şey yoxdur. Meyiddən şou düzəltmək olmaz”.

Polis rəisi qarşıdurma zamanı sakinlərin polisi daş-qalaq etdiyini, prokurorluğun Rəşadət adlı müstəntiqinin morqda meyidi müayinə edərkən döyüldüyünü bildirib. Hakimiyyət nümayəndəsinə xəsarət yetirməklə bağlı da cinayət işi başlanıb.

Ələsgər Bədəlov ona bu olayla bağlı şiddətli töhmət verilməsinə də münasibət bildirib:“Mən işdən azad olunmağımı gözləyirdim, nazirə təşəkkürümə bildirirəm ki, humanistlik göstərib”.

Saxlananlardan Aqil Nəsibovun ailə üzvünün AzadlıqRadiosuna verdiyi məlumata görə, onun məhkəməsi artıq baş tutub, 12 sutka həbs cəzası alıb. Hazırda bir neçə nəfərin məhkəməsinin keçirildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol