Böyük Britaniyanın 4 illik fasilədən sonra Tehrandakı səfirliyinin təkrar açıldığı gün bəyanat verən İran xarici işlər naziri deyib ki, ABŞ səfirliyinin də açılacağını gözləmək üçün hələ tezdir.
Reuters agentliyinin məlumatına görə, bazar günü Britaniyanın xarici işlər naziri Filip Hammond öz ölkəsinin Tehrandakı səfirliyinin təkrar açılışında iştirak edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Tehran indi artıq ABŞ səfirliyinin də bərpasına hazırdırmı” sualına cavab olaraq deyib ki, Birləşmiş Ştatların İrana “məntiqsiz münasibəti” Vaşinqtonun da eyni addımı atmağa hazır olmadığını göstərir.
“Görünür, belə münasibətlərdə və davranışlarda ABŞ tərəfindən dəyişikliyə ehtiyac var. Odur ki, ABŞ məsələsi fərqlidir” - deyib nazir.
Tehrandakı ABŞ səfirliyi 1979-cu il İslam inqilabının ilk günlərində, Mərkəzi Kəşfiyyat İdarəsinin əli ilə törədilmiş 1953-cü il çevrilişinin təkrar olunacağından ehtiyat edən tələbələr tərəfindən hücuma məruz qalmışdı.
O vaxt ABŞ diplomatları 444 gün girov saxlanmışdılar. O zamandan bəri iki ölkə arasında dipliomatik münasibətlər mövcud deyil.
İran Britaniyanın addımına cavab olaraq özünün Londondakı səfirliyinin tam missiyasını bazar günü bərpa edib.
İranla imzalanmış nüvə sazişi hazırda baxılmaq üçün ABŞ Senatına verilib.
Prezident Barak Obama bildirib ki, Senatın sazişi rədd edəcəyi təqdirdə özünün veto səlahiyyətindən istifadə edəcək.


Şərhlər