Əgər iqtisadi mənada götürsək, deyə bilərik ki, bütün 2015–ci il Rusiya üçün çox ağır keçir. Dəymiş ümumi ziyanların bir hissəsini Rusiya özü-özünə vurub. Sözsüz ki, Rusiyaya dəyən digər zərbələr, bu ölkənin maliyyə sektoruna qarşı yönəlmiş Avropa və Amerikanın sanksiyalar siyasəti nəticəsində vurulub. Lakin Rusiyanın əsas problemi xammal məhsullarının qiymətinin tarixi düşüşü ilə bağlıdır. Nə səbəbdən olmasına baxmayaraq, göründüyü kimi təbii resursların qiymətinin düşüşü vüsət almaqda davam edir. Ona görə də, əminliklə söyləmək olar ki, Rusiyada vəziyyətin yaxşılaşmasından əvvəl, vəziyyətin daha da pisləşməsi gözlənilir.
2014- cü ilin sonunda və 2015-ci ilin ilk aylarında KİV-lərin bütün diqqəti neftin qiymətinin düşməsi nəticəsində rublun necə zəifləməsinə tərəf yönəlmişdi. Ancaq ilk əvvəl heç kim Rusiyanın ən çox çətinliklə üzləşəcəyi iqtisadi sferaya, yəni işçi qüvvəsi bazarında nələrin yaşana biləcəyi faktoruna ciddi fikir vermirdi. Əgər mövsümü faktorları bir kənara qoysaq, onda Rusiyadakı işsizlik səviyyəsinin neft qiymətinin düşüşündən sonrakı ilk dörd ayda praktik olaraq dəyişmədiyini müşahidə edə bilərik. Hazırkı işsizlik səviyyəsi 5,3 faizdən 5,4 faizə qədər yüksələrək, Sovet İttifaqının dağılmasından sonrakı ən aşağı mənfi həddə düşüb.
Qorxuducu məlumatlar dərc edən qəzet səhifələrindən fərqli olaraq, işçı qüvvəsi bazarı bu xüsusda özünü müəyyən mənada rahat hiss edirdi. Ancaq işsizlik səviyyəsi ləngiyən indikator hesab olunur. İqtisadi böhranın ilk dövrü ötdükdən sonrakı aylarda ümumi durum pisləşməyə doğru istiqamətlənib. Bu müddət ərzində çox kəskin hərəkətlənmələrin baş verməməsinə baxmayaraq, yavaş templə də olsa vəziyyətin sabit formalı pisləşməsi gedir. Mövsümü faktorların da əlavə olunması şərti ilə 2015-ci ilin iyul ayı üçün işsizlik səviyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 0,4 % yüksəlib.
Bu templə və digər radikal dəyişiklərsiz, Rusiyadakı işsizliyin səviyyəsi ilin sonuna kimi orta hesabla 5,6% təşkil edəcək. Yeni tarixi reallıq üçün belə rəqəmləri çətin ki, istisna hal saymaq olar, amma bariz neqativ trayektoriyanı inkar etmək həm mümkün deyil, həm də ki, mənasızdır.
İşçi qüvvəsi bazarındakı indiki tendensiyanı və Rusiya iqtisadiyyatındakı ikinci rübün zəif göstəricilərini nəzərə alıb, əminliklə iddia etmək olar ki, işsilik səviyyəsi növbəti altı ay ərzində də artacaq. Hadisələrin bu cür cərəyan etməsi Rusiyanın məhvə məhkum olması və ya dövlətin çöküşünün qaçılmazlığı anlamına gəlmir. Lakin bütün baş verənlər, hakimiyyətin çox tezliklə xoşagəlməz xarakterli mürəkkəb və ağır iqtisadi vəziyyətlə üzləşəcəyi anlamına gəlir. Onlar Putinin hakimiyyətə gəldiyi dövrdən indiyədək praktik olaraq görmədikləri hədsiz çətin vəziyyətlə qarşılaşacaqlar.
Burada söhbət təkcə iqtisadiyyatın hansısa bir sektorundakı problemdən getmir. Ölkənin bütün iqtisadi modeli ağır və ciddi təzyiq altındadır. Ümumi Daxili Məhsul azalır,əhalinin real pul gəlirləri kəskin aşağı düşür, işsizlik və inflyasiya isə böyüyür. Hal-hazırda Rusiya hökumətinin həll olunmalı külli miqdarda problemləri var ki, böyük qızıl-valyuta ehtiyatının əriməsindən sonra bunların aradan qaldırılması xeyli dərəcədə çətinləşir.
Çox zaman rusiyalıları yuxarıdan gələn əmirləri itaətkarcasına yerinə yetirən “passiv qoyun” (əlbəttə, bu ədalətsizlkdir!) kimi təsvir edirlər. Ancaq keçmişdə onlar, iqtisadi rifahları təhlükəyə düşən zaman, necə küçəyə çıxmağa hazır olduqlarını açıq şəkildə nümayiş etdiriblər. Elə məhz buna görə də hakimiyyət 2009-cu ildəki iqtisadi böhran dövründə qətiyyətli tədbirlərə əl atmışdı. İqtisadı problemlər zəminində geniş miqyaslı iğtişaşların baş verəcəyi perspektivi onları çox qorxutmuşdu. Heç şübhə yoxdur ki, gec və ya tez, aşağı düşən məvaciblər və artan işsizlik tandemi, siyasi problemləri də özü ilə gətirəcək.
(Forbes)


Şərhlər