Avqustun 26-da 40-dək dəmiryolçu Prezident Administrasiyasının qarşısında toplaşıb etiraz aksiyası keçirirlər.Bu haqda Azadlıq Radiosuna aksiyaçılardan biri Mələk Əliyeva deyib.
Etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb edilər. Bundan başqa, işdən çıxarılan dəmiryolçuların işə bərpasını istəyirlər.
«Dəmiryol İdarəsində iki əməkhaqqı cədvəli olub. Dəmiryolçular 300-500 manata qol çəksələr də, 80-100 manat maaş alıblar. Son etirazlardan sonra bu məbləğ 200 manata qaldırılıb. Biz maaşımızın yerdə qalanını tələb edirik», - dəmiryolçu qadın deyir.
Mələk Əliyeva oturaq aksiya keçirmək niyyətində olduqlarını bildirir: «Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik».
Bu, dəmiryolçuların ilk aksiyası deyil. Onlar bundan əvvəl də iş və əməkhaqqı tələbiylə etiraz ediblər. Rəhbərlik bu məsələnin yoluna qoyulacağını vəd edib.
--
"Bu gün etiraz edənlər Bakı Vaqon Deposunda vaqon bələdçisi vəzifəsində işləmiş şəxslər olub. Onlar xeyli əvvəl işdən çıxıblar və bundan sonra müxtəlif vaxtlarda bu tip etirazlar ediblər".
Bu barədə Lent.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşıma departamentinin rəisi Elyar Muradov bir qrup dəmiryolçunun etiraz aksiyası keçirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hətta həmin adamların QSC-nin sədri ilə görüşü də təşkil edilib: "Biz onların şikayətlərini ən yuxarı səviyyədə həll etməyə çalışdıq. Bundan sonra müvafiq araşdırmalar da aparıldı və nəticədə məlum oldu ki, həmin şəxslərin tələbləri əsassızdır. Onların maaşları da, ezamiyyət pulları da, hətta maaşlara edilmiş artımları da ödənilib”.


Şərhlər