Bu gün AzPolitika.info saytında yayımlanmış "RAMİZ RZAYEVİN OĞLUNUN ADI KREDİT QALMAQALINDA - “Hacıyevlə ortaq olub…” sərlövhəli yazıyla bağlı Ali Məhkəmənin Mətbuat Xidmətindən təkzib məktubu almışıq. Xatırladaq ki, sözügedən məqalə Musavat.com saytından götürülüb və heç bir şərh əlavə olunmadan yayımlanıb. Məqalədə iddia olunur ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin oğlu Cahangir Rzayevlə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev biznes ortağı olublar. Ona görə də, Cahangir Rzayevin adı Beynəlxalq Bankdan götürülmüş kreditlərlə bağlkı işdə hallanır. Lakin Ali Məhkəmənin təkzib məktubunda bu iddia böhtan adlandırılır. Məktubda bildirilir:
"Ali Məhkəmənin Mətbuat Xidməti "AzPolitika" gündəlik siyasi-ictimai onlayn qəzetinin 3 sentyabr 2015-ci il tarixli buraxılışında dərc edilmiş "Cahangir Hacıyevlə Ramiz Rzayevin ofşor ortaqlığı - şok iddia" başlıqlı məqalənin böhtan xarakteri daşıdığını bəyan edir və qəzetin redaksiya heyətindən növbəti sayında Ali Məhkəmənin sədri Ramiz Rzayevdən üzrxahlıq edilməsini xahiş edir.
Qeyd edilən yazı ilə tanışlıq onun başlığı ilə məzmunu arasında heç bir əlaqənin olmadığını və məqalənin qərəzli, böyük ehtimalla sifarişli olduğunu göstərir. Qəzetin təqribən bütöv bir səhifəsini əhatə edən bu məqalə ümumiyyətlə Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə həsr olunsa da, sadəcə 1 cümlədə bu bankın Lüksemburqdakı filialının müdirinin Ali Məhkəmənin sədrinin oğlu olması və Lüksemburqun ofşor zona olduğu qeyd olunmaqla, başqa hər hansı fakt gətirmədən Ramiz Rzayevin guya ki, Cahangir Hacıyevlə ofşor ortaqlığa malik olması qənaətinə gəlmək və bunu məqalənin başlığı seçmək onun məqsədli şəkildə yazıldığını qət etmək üçün şübhə yeri qoymur.
Biz heç bir fakta söykənməyən bu məqaləyə "AzPolitika" gündəlik siyasi-ictimai onlayn qəzetində rəsmi qaydada təkzib verilməsini və Ali Məhkəmənin sədri Ramiz Rzayevdən üzrxahlıq edilməsini xahiş edirik".
Sözügedən məqalə ilə bağlı Ramiz Rzayevin oğlu Cahangir Rzayev də satımıza təkzib məktubu göndərib. Məktubda bildirilir: "Haqqımda "AzPolitika" gündəlik siyasi-ictimai onlayn qəzetinin 3 sentyabr 2015-ci il tarixində dərc edilmiş qərəzli, və böhtan xarakterli məqaləsinə cavab olaraq bildirirəm ki, Azərbaycan Beynəlxalq Bankının Lüksemburqda filialı heç vaxt olmayıb və yoxdur. Yalnız 21 yanvar 2008-ci il tarixində ABB-nin Lüksemburqda nümayəndəliyi yaranıb və o nə bank, nə də ki maliyyə xidmətləri göstərməyib. Bank və maliyyə xidmətlərinin göstərilməsi üçün Azərbaycan Beynəlxalq Bankının Lüksemburq nümayəndəliyinın lizensiyası olmayıb və bu cür bank lisenziyasını əldə etmək üçün Lüksemburq Maliyyə Nazirliyinə ABB tərəfındən heç bir zaman müraciət olunmayıb.
Nəzərinizə çatdırıram ki, Lüksemburq Böyük Hersoqluğunun qanunvericiliyinə görə bank və maliyyə xidmətləri göstərmək üçün istənilən bir maliyyə institutu üçün bank lisenziyasınının alınması ilkin şərtdir. Bank Lisenzayası olmadan maliyyə və bank xidmətləri göstərmək Lüksemburq qanunvericiliyinə görə cinayət hesab olunur. Azərbaycan Beynəlxalq Bankının Lüksemburq Böyük Hersoğluğunda nə törəmə bank, nə filial, nə də ki başqa cür bank və maliyyə xidmətləri göstərə bilən bir qurumu olmayıb. ABB Lüksemburq nümayəndəliyi yalnız ABB-i haqqında məlumat və informasiya verilməsi ilə məşğul olub, Lüksemburq maliyyə və biznes qurumları üçün əlaqələndirici qurum kimi fəaliyyət göstərirdi".
Sonda bir daha qeyd edirik ki, sözügedən məqalə "AzPolitika.info" saytında deyil, "Yeni Müsavat" qəzetində dərc olunub.


Şərhlər