Xarici KİV-in məlumatına görə, Kanadanın Baş naziri Stiven Harper Surrədə (Britaniya Kolumbiyası əyaləti) keçirilən seçkiqabağı tədbirin gedişi zamanı bəyan edib ki, İraq və Suriyadan Avropa İttifaqına axışan minlərlə miqranta hərtərəfli köməkliklərin göstərilməsi və bu ölkələrdə İŞİD adlandırılan qruplaşmanın döyüşçülərinə qarşı mübarizənin davam etdirilməsi Avropanın miqrasiya böhranını həll edə bilər (Rosbalt).
«Biz, oradakı (İraq və Suriyadakı - red.) insanlara kömək etməliyik. Bizim yardımlarımızın bir hissəsi də ondan ibarətdir ki, onların üzləşdiyi bu dəhşətli zorakılığın - onları öz evlərini atıb qaçmağa məcbur edən, ölümlə hədələyən zorakılığın qarşısı alınsın» - deyə, Baş nazir qeyd edib.
Harper onu da əlavə edib ki, Kanada Suriyadan və İraqdan olan qaçqınları qəbul etməkdə davamlı olacaq və indiki parlament seçkilərində hakim Mühafizəkarlar partiyasının qələbə çalacağı təqdirdə, bu ölkələrdən olan daha 10 min məcburi köçkünə sığınacaq verəcək. Onun sözlərinə görə, təkcə qaçqınları yerləşdirməklə bu problemi həll etmək mümkün olmayacaq. Bunun üçün İraqda və Suriyada İŞİD-a qarşı Qərb koalisiyasının hərbi əməliyyatlarını davam etdirmək lazımdır.
Bundan əvvəl Kanadanın vətəndaşlıq məsələləri və immiqrasiya naziri Kris Aleksandr bəyan etmişdi ki, son bir neçə ildə Kanada İraq və Suriyadan olan 24,3 min qaçqını qəbul edib. Qaçqın və immiqrantlar üçün proqrama əsasən, Kanada son bir neçə ildə 23,0 min iraqlıya və 11,3 min suriyalıya sığınacaq verməlidir.
AzPolitika.info


Şərhlər