Fikrət Axundov: "Vətəndaşları intihar etməyə məcbur etməsinlər"
Həbsdə olan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun intihar edən babası sentyabrın 14-də dəfn edilib. Əyanət Axundov Bakının Məhəmmədi kəndində dəfn edilib. Dəfndə ailənin qohumları, yaxınları ilə yanaşı, Hüquq müdafiəçini Rəşid Hacılı, gənc fəal Bəxtiyar Hacıyev, Müsavat başqanının müşaviri Elman Fəttah, həmçinin NİDA-nın İdarə Heyətinin üzvləri və təmsilçiləri də iştirak edib.
Mərhumun yası isə Ramanı qəsəbəsində verilir.
Rəşadət Axundovun atası Fikrət Axundov məsələ ilə bağlı dəfnə gedən jurnalistlərə açıqlamasında bildirib ki, anası Əyanət Axundov intihar edərkən evdə olmayıb: “Mən işdə idim, atam qardaşımın oğlu ilə, nəvəsi ilə yatırdı. O venasını kəsib. Rəşadət tutulandan sonra atam stress vəziyyətində idi, hər gün Rəşadətlə bağlı işin nə yerdə olduğunu soruşurdu. Hər həftə mən Rəşadətin yanına gedəndə soruşurdu ki, “Nə oldu, niyə buraxmadılar? Həbs müddəti hər dəfə artırılanda daha da narahat olurdu. Axırındı dəfə, Rəşadətə yeni ittihamlar veriləndə də düzünü dedim ki, bunların fikri onu buraxmaq deyil. Düzünü dedim ki, belədir vəziyyət...”.
F.Axundov hakimiyyətə çağırış da edib: “Hakimiyyətə qısa və konkret çağırışım ondan ibarətdir ki, vətəndaşları intihar etməyə məcbur etməsinlər, vətəndaşa insan kimi baxsınlar. Mənim atam rejimə bu cür etiraz etdi. O birilər infakt olur, insult olur, nə bilim, psixoz olur və sair. Hamı o gündədir”.
F.Axundovun sözlərinə görə, R.Axundov uzun illər baabsının yanında qalıb: “Atam Rəşadətə “oğlum” deyirdi. Atam onu hədsiz çox istəyirdi və o, həbs olunandan sonra tez-tez danışırdı intihar barədə. Rəşadətə 15 yaşına qədər babası baxıb. O, atamın direktoru olduğu məktəbdə oxuyub, atam onun müəllimi və tərbiyəçisi olub. Atam deyirdi ki, qoy gedim prezidentin qəbuluna, Heydər Əliyev Fonduna, qoy gedim hətta təhsil nazirinin qəbuluna. Deyirdim ki, nəyə gedirsən? Deyirdi, mən gedib onlara sübut edəcəm ki, oğlum ayrı, pis yolun yolçusu deyil. Elə bilirdi ki, gedib deyəcək və onlar da inanacaq. Atamın intihar səbəbi Rəşadətlə bağlıdır”. Atası qeyd edib ki, Rəşadətin babasının dəfninə buraxılması üçün müraciət etməyiblər: “Təkcə vəkili gedib Penitensiar Xidmətə, deyiblər ki, Rəşadəti buraxmaq bizlik deyil”.
Qeyd edək ki, Ə.Axundovun sevimli nəvəsinin həbs müddətinin uzadılacağını eşitdikdən sonra intihara cəhd etdiyini mətbuata açıqlamasında R.Axundovun xanımı Türkan Hüseynova da bildirib. Damarlarını doğrayan 74 yaşlı baba həmin gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib. Həkimlər onun ölümünü çox qan itirməsi ilə izah edirlər.
Xatırladaq ki, Rəşadət Axundov 2013-cü ilin əvvəlində qurama ittihamlar əsasında həbs edilən gənclərdən biridir.
Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Rəşadət Axundova qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə ittiham irəli sürüb, Nəsimi Rayon Məhkəməsi isə onun barəsində qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi əsasında saxlanılıb. Bir neçə gün əvvəl isə ona qarşı yeni ittihamlar irəli sürülmüşdü.(musavat.com)





Şərhlər