40 erməni əsgərin öldürülməsi, 8-nin əsir götürülməsi iddiasına reaksiya

Türkiyənin “Yeni Şafak” qəzetində dərc olunmuş bir məqalə Ermənistanda vahimə yaradıb. ANS PRESS-in məlumatına görə, qəzet Azərbaycan ordusunun çox sayda tankının cəbhə xəttinə doğru irəlilədiyini bildirib:

“Azərbaycan ordusu rəsmi olaraq bir açıqlama verməsə də, son iki gündür ki, sosial mediada çox sayda zirehli birliyin döyüşlərin sıx getdiyi olduğu bölgələrə aparıldığı bildirilir. Qarşıdurmaların sürdüyü bölgəyə könüllü olaraq getmək istəyənlərə yerli təhlükəsizlik gücləri icazə vermir. Jurnalistlərin cəbhəyə yaxın bölgələrə getməsinə icazə verməyən səlahiyyətlilər gərginliyin davam etdiyini, vəziyyətin ağır olduğunu söyləməklə kifayətlənirlər”.

Məlumat “Yeni Şafak”a istinadən Ermənistanın “Armenian Report” portalında da dərc etdirilib. Ermənistan ordusunun çox sayda itki verdiyini qeyd edən portal yazır: “Erməni tərəfi belə böyük itkinin olmasını təkzib edir. Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinlən itkilərinin dəqiq sayını bildirməkdən imtina edib, yalnız qeyd edib ki, düşmən böyük sayda itki verib”.

Bu arada Müdafiə Nazirliyi Türkiyə mediasında yer alan Qarabağ xəbərinə münasibət bildirib.

Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupu işğal altında olan Dağlıq Qabarağda 40 erməni əsgərini öldürüb, 8-ni isə əsir götürüb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, azərbaycanlı hərbçilərin erməni əsgərlərini öldürməsindən sonra işğalçı ölkə də atəşkəsi iri və kiçik çaplı silahlarla pozmağa başlayıb. “Fakt-Xəbər”in məlumatında deyilir ki, Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu bir neçə dəfə Azərbaycan ərazisinə daxil olmaq istəsə də, hərbçilərimizin sayıqlığı qarşı tərəfin arzusunu ürəyində qoyub. Düşmənin çoxsaylı itki verməsi ilə əlaqədar Türkiyə mediasında yer alan iddialara rəsmi münasibət öyrənmək üçün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Vaqif Dərgahlı Musavat.com-a bildirdi ki, düşmənin sözügedən sayda itki verməsi ilə bağlı nazirlikdə hər hansı bir məlumat yoxdur: “Hər hansı itkilər barədə dəqiq məlumatımız olanda biz onu yayırıq. Sadəcə son günlər düşmənin itkiləri haqda konkret məlumatımız yoxdur, bunun da obyektiv səbəbi var. Çünki düşmən məhv ediləndə təmas xəttinin digər tərəfində qalır və yalnız Ermənistan tərəfinin rəsmi açşıqlamasından sonra biz də itkilər haqda məlumatlı oluruq. Məsələn, bu gün Ermənistan tərəfi bir əsgərin öldüyünü açıqladı və biz də onu qeydə aldıq”. Qeyd edək ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda hər hansı diversiya əməliyyatının aparılmadığını açıqlayıb.