“The New York Times” qəzeti Amerikan kəşfiyyatının analitiklərinə istinadən məlumat verir ki, Rusiya Suriyanın Latakiya şəhəri yaxınlığındakı aerodroma hərbi qrup və yüzlərlə insanın yaşaya biləcəyi yığılma evlərın hazırlanması üçün xüsusi bloklar gətirib. Amerika hərbçiləri bildirirlər ki, bundan əlavə Rusiya son günlər Suriyaya yeni şəxsi heyət, təyyarələr və digər texnika da gətirib. (The Wall Street Journal)
Moskvanın Suriya münaqişəsinə ciddi şəkildə cəlb olunması, sözsüz ki, yenilik deyil. Rusiya uzun illərdir ki, Əsəd rejimi ilə möhkəm əlaqələr qurur və onlar SSRİ vaxtından qalmış Tartus limanındakı hərbi-dəniz bazasını yenə də istifadə edirlər.
Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Əsədə xeyli sayda hərbi texnika göndərərək, onların vətəndaş müharibəsi aparmasına yardım göstərir.
Rusiya həmçinin Suriya münaqişəsində əhəmiyyətli dərəcədə diplomatik rol oynayır. Moskva Əsəd rejimini çoxsaylı təzyiqlərdən qoruyur və bunun üçün də onlara qarşı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şürasının çıxardığı bir neçə qətnaməyə veto qoyub. Son günlər Moskva hərbi əməliyyatların dayandırılması istiqamətindəki diplomatik aktivliyin mərkəzinə çevrilib. Bu məqsədlə Rusiyaya xeyli Qərb diplomatı və yaxın Şərq rəhbərləri səfər ediblər. Moskvaya gələnlər içərisində ABŞ dövlət katibi Con Kerri və İranın “Əl Qüds” xüsusi təyinatlılarının rəhbəri general Kasem Süleymani də yer alır.
Rusiya siyasətinin yaxın məqsədi, sanki aydın və başa düşülən kimi görünür. Uzun illər ərzində Moskva müttəfiqi olmuş Əsəd rejimini müdafiə etmək istəyir. Suriya həmçinin, Moskvanın Yaxın Şərqdəki ən sonuncu kanallarından biridir.
Rusiya prezidenti Vladimir Putinin Suriya rejimini tənqid etməsinə və siyasi dəyişikliyin olmasının vacibliyini vurğulamasına baxmayaraq, Kreml rəhbəri Əsədə göstərdiyi yardımı kəsmək və onun keçid dövrü çərçivəsində hakimiyyətdən uzaqlaşması planı ilə razılaşmır. Hal-hazırda Rusiyanın yolladığı müxtəlif çeşidli silah və hərbi avadanlıqlar Bəşər Əsədin hərbi maşınının işləməsinə xeyli kömək edir.

Putin bildirir ki, Rusiyanın Suriyaya köməyi ekstremizm və terrorizmə qarşı mübarizənin gücləndirilməsinin tərkib hissəsidir. Şübhəsiz ki, Rusiyanın Əsədə yardım göstərməsinə bəraət qazandıracaq motiv, Suriya müxalifətinin sıralarında cihadçılar qrupunun iştirak etməsidir. Ancaq Rusiya hələ İŞİD və “Cəbhət ən Nusra”nın peyda olmasından əvvəl də Dəməşqə yardım göstərirdi. Əsl həqiqətdə isə Suriya rejimi Rusiya tərəfindən gələn dəstək sayəsində, heç nəyi araşdırmadan dinc əhaliyə qarşı bombalı zərbələr endirərək, dəhşətli humanitar fəlakət törədir və hətta bununla da gələcək cihadçılığı da gücləndirir.
Amma çox böyük ehtimalla, Rusiyanın Suriyada daha geniş məqsədi var. Rusiya ordusunun Suriya tərəfindən döyüş əməliyyatlarında iştirak etməsi, Amerika hərbçilərinin Əsəd rejiminə qarşı fəaliyyətlərini xeyli mürəkkəbləşdirə bilər. Digər tərəfdən isə Suriyanın müttəfiqi olan İrana “S-300” zenit-raket kompekslərinin verilməsi, nəinki Rusiyanın Yaxın Şərqdəki iştirakını gücləndirir, bu həmçinin ABŞ–ın fəaliyyət variantlarını da məhdudlaşdırır. Çünki Moskva hesab edir ki, Vaşınqton onlara qarşı sərt cavab verməyəcək.
Və nəhayət Rusiyanın birbaşa hərbi müdaxiləsi Moskvanın yaxın dövrdə dünya arenasında meydana çıxan revanşist tərzdəki hərəkətlərinə tamamilə uyğun gəlir. Putin Rusiyanın sönmüş şöhrətinin bərpası barəsində danışır və bu istəqamətdə də, öz planını Gürcüstan, Krım və Ukraynada reallaşdırmağa çalışır.
Ümumiyətlə isə Rusiyanın Yaxın Şərqdə baş verənlərə daha ciddi şəkildə cəlb olunması, keçmışdəki hadisələri xatırladır.
Rusiya hərbçilərinin Suriya münaqışəsindəki iştirakının genişləndirilməsinin Moskva üçün hansı motivləri daşımasına baxmayaraq, bu həm ABŞ, həm də Rusiya üçün qələbə vəziyyəti yaratmayacaq. Ola bilər ki, bundan sonrakı mərhələlərdə Vaşınqtonun Suriya rejiminə qarşı təzyiq üsulları çətinləşsin və belə olan halda isə yeni vəziyyət, Əsədə öz gücünə yeni əminlik yaradacaq. Beləliklə də münaqişənin ABŞ və Suriya müxalifəti üçün qəbul edilə biləcək şərtlər daxilində diplomatik yollarla həll ounması məsələsi daha da mürəkkəbləşəcək. Rusiya müttəfiqə ehtiyac duyan Suriya rejiminə möhkəm bağlanaraq, bölgənin İsrail və Səudiyyə Ərəbistanı kimi dövlətlərini də özünə qarşı çevirəcək.
Rusiyanın Suriyadakı hərbi iştirakı, onların müxalifətin və cihadçı qüvvələrin hədəfinə gələ biləcəyi ilə nəticələnə bilər ki, bu da şübhəsiz ki, rusların itkilərlə üzləşməsinə gətirib çıxaracaq. Ola bilər ki, Rusiyanın Suriyadakı indiki riskli fəaliyyəti, keçmişin şöhrətini qaytarmaq əvəzinə, tamalilə əksinə olaraq, həmin şanlı günlərin hansı səbəblərdən və necə sönməsini onlara bir daha xatırladacaq.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər