Xarici KİV-in məlumatına görə, Avropa Komissiyası, Avropa İttifaqı ölkələrindən Rusiya embarqosu altına düşən süd məhsullarının artığını satın almaq üçün 30 milyon avro ayıracaq. «ZN.ua»-nın məlumatına görə, bu barədə kənd təsərrüfatı məsələləri və kənd rayonlarının inkişafı üzrə Avropa komissarı Fil Hoqan Avropa İttifaqı ölkələrinin kənd təsərrüfatı nazirləri ilə görüşü zamanı bəyan edib (Rosbalt).
Kömək paketinin ümumi həcmi 500 milyoq avro təşkil edir ki, onun da 420 milyonu fermerlərə birbaşa müavinət kimi nəzərdə tutulub. Vəsaitin qalan hissəsi məhsulların anbarlaşdırılması işlərinin təşkilinə yönəldiləcək.
«Mən əmin etmək istərdim ki, 30 milyon avroya yaxın vəsait qonşu ölkələrdə mürəkkəb şəraitlə üzləşmiş qaçqınların süd məhsullarına olan ehtiyacının ödənilməsinə ayrılacaq» - deyə, Hoqan qeyd edib.
Onun sözlərinə görə, Avropa komissiyası çalışacaq ki, Avropa İttifaqında istehsal olunmuş ərzaq məhsulları qaçqın axını nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılması işində istifadə olunsun.
Xatırladaq ki, Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsindən sonra Rusiya da ABŞ və Avropa İttifaqından ət, balıq, pendir, süd kimi məhsulların idxalını qadağan edib.
AzPolitika.info


Şərhlər