Menu

“Ola bilsin ki, qısa vaxtda problemlər ortaya çıxsın” - Baş nazirin müavini

22.09.2015, 19:07
“Ola bilsin ki, qısa vaxtda problemlər ortaya çıxsın” - Baş nazirin müavini

Baş nazirin müavini: “İdxal olunan bütün dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq”

“Ölkəyə idxal olunan bütün bahalı və ucuz dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq. Məqsədimiz Azərbaycana bahalı dərmanların idxal olunmasının qarşısını almaq deyil. Söhbət ondan gedir ki, gətirilən dərmanların üzərinə daha yüksək qiymətlər qoyulmasın”. AZƏRTAC-ın verdiyi xəbərə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, Azərbaycanda lazımi dərman ehtiyatı var: "Bu, daim idarə olunan bir prosesdir. Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir”.

Baş nazirin müavini əlavə edib ki, artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir: “Satışına icazə verilən digər dərmanların qiymətləri isə yaxın vaxtlarda müəyyənləşəcək. Bu addımın atılması heç də təsadüfi deyil. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə nail olmaq, dərmanların baha qiymətə satılmasının qarşısını almaqla vətəndaşların büdcəsinə müsbət təsir göstərməkdir”.

Ə. Əhmədov qeyd edib ki, qarşıda duran daha vacib məsələ dərman vasitələrinin keyfiyyətinə nəzarəti gücləndirməkdir: "Dərmanların keyfiyyətli olması ən vacib məsələdir. Bu funksiyanı Səhiyyə Nazirliyinin nəzdində yaradılmış qurum həyata keçirir. Söz yox ki, bu qurum öz fəaliyyətini daha da gücləndirəcək. Burada yaradılan şərait onu göstərir ki, Azərbaycanın dərman bazarı ciddi şəkildə nizam-intizama cəlb olunur. Bu, ondan xəbər verir ki, atılan addım doğrudur və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol