“Zor tətbiq olunmayacaq, seçki keçirilməsinə hazırıq”
Ukrayna prezidenti Viktor Yanukoviçin Verxovnıy Radadakı nümayəndəsi Yuriy Miroşniçenko bildirib ki, hakimiyyət və müxalifət arasında razılaşma əldə edilməsə, yaranmış vəziyyətdən yeganə çıxış yolu növbədənkənar seçkilərin keçirilməsi ola bilər. ”Ukrayinskoe Pravda” qəzetinin məlumatına görə, Yuriy Miroşniçenko prezidentin nümayəndəsi kimi bunları deyib:
”Prezident söyləyir ki, əgər siyasətçilər məsələlərin həlli üçün heç bir nəticəyə gələ bilməyəcəklərsə onda demokratik üsulun yeganə imkanı kimi seçkilərin keçirilməsindən başqa yol qalmayacaq. Viktor Yanukoviç bəyan edir ki, bizim güc tətbiq edərək zəbt olunmuş inzibati binaların azad edilməsi və Maydanın boşaldılması üçün istənilən qədər imkanımız var. Ancaq mən heç vaxt bu yola baş vurmayacağam, çünkü onların hamısı bizim vətəndaşlarımızdır”.
Digər tərəfdən isə müxalifətin “Udar”partiyasının lideri Vitaliy Kliçko mətbuta bildirib ki, vəziyyət dramatikləşir və ölkə vətəndaş müharibəsinin astanasındadır. O deyib ki, hər şey diktaturanın yaradılmasına doğru gedir. Onu da qeyd etmək lazımdır ki, Ukraynanın həm qərb, həm də ki, şərq hissəsində özünü müdafiə dəstələri yaradılmağa başlayıb. Belə ki, bu yaxınlarda Xarkov şəhərində Viktor Yanukoviçin “Regionlar partiyasının” tərəfdarları “Ümumi Ukrayana” yığıncağı keçiriblər və özlərinin söylədikləri kimi “banderaçı milliyyətçi radikal qüvvələrə” qarşı “Ukrayna cəbhəsi” yaradıblar.
İtar- Tass agentliyinin məlumatına görə, belə bir təşkilatın yaradılması təşəbbüsü ilə “Əfqanıstan veteranları ittifaqının” idarə heyətinin başçısı Vladimir Rıjkov çıxış edib. Verxovnıy Radadakı “Regionlar partiyası” fraksiyasının sədr müavini Oleq Çarayevin sözlərinə görə, təşkilatın başlıca məqsədı qayda-qanuna riayət olunmasını həyata keçirməkdən ibarət olacaq. Daha sonra Çarayev deyib:
”Biz Ukraynanı xaosa aparanlara qarşı öndə duracağıq və bölgələrdəki özbaşınalığa imkan verməyəcəyik”.
Artıq bir çox qərb analitikləri Ukraynada baş verən hadisələri “siyası Çernobıl” adlandırmağa başlayıblar.
V.Nəsibov


Şərhlər