Menu

Putin və Obama razılaşarsa... - "Pis variantlardan ən yaxşısı"

28.09.2015, 17:09
Putin və Obama razılaşarsa... - "Pis variantlardan ən yaxşısı"

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putininin Nyu-York görüşü ərəfəsində Amerika və Britaniyanın aparıcı KİV-ləri hesab edirlər ki, istər Suriya, istərsə də Ukrayna məsələsində bu prezidentlər ortaq dil tapmalıdırlar.

AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Suriya məsələsində ortaq məxrəcin tapılması vacibliyi istər Qərb KİV-ləri, istərsə də qərbli ekspertlər tərəfindən daha çox vurğulanıb.

Britaniyanın “Financial Times” qəzeti Suriya üzrə razılaşmanı “pis variantlardan ən yaxşısı” hesab edir: “O ruhda davam etmək alınmayacaq. Qərbin dörd illik müdaxiləsi 250 min ölüyə və 4 milyon qaçqının yaranmasına səbəb oldu. Bu tarixin növbəti səhifəsi daha pis ola bilər. Suriyanın qonşuları artıq qaçqın axınının ağırlığı altında gərginləşiblər. Amma daha 21 milyon suriyalı var ki, evdə qalıblar və onlardan çoxu şans yarandığında qaçmağa üz tutacaqlar”.

Britaniya nəşrinin yazdığına görə, Putin Suriya münaqişəsində “bütün kartlara sahib deyil” və Rusiya üçün təhlükə odur ki, özü terrorçu-islamçı qruplaşmaların hədəfinə çevrilə bilər: “Rusiyanın gücünü möhkəmlətmək üçün parlaq taktiki gediş hesab edilən bu addım strateji uğursuzluğa da gətirib çıxara bilər (Əfqanıstanı yada salın), bu təqdirdə isə Putin hədəfə çevriləcək”.

“The New York Times” qəzeti isə Suriyanın taleyi ilə bağlı Putinlə danışmaqdan başqa çıxış yolu görmür. Qəzet Putinin də başqa yolu olmadığını vurğulayır.

Redaksiya yazısında qeyd olunur ki, Ağ Ev tərəfindən Putinin Obama ilə görüş barədə “minnətçi” kimi təqdim olunması yanlış addım idi: “Həyati əhəmiyyətli görüşlərə belə hazırlaşmırlar. Ola bilər ki, Putinin məqsədi dünyanın diqqətini çəkməkdir. Lakin Obamanın Putinin məqsədlərini anlaması yolunda başlıca imkan odur ki, masa arxasına oturaraq Amerika və Rusiyanın Suriya üçün nə edə biləcəklərini nəzərdən keçirsinlər. Burda böyük xərc tələb edən heç nə yoxdur”.

“Düşmənlərlə razılığa gəlmək lazımdır, dostlarla yox” - deyə “Reuters” agentliyi də Obamanın məhz İranla bağlı dediyi sözləri bu dəfə Rusiya ilə bağlı olaraq xatırladıb.

“Əgər bu ölçü ilə yanaşma tətbiq olunsa, onda prezident oturub Putinlə danışmalıdır”, - deyə sözügedən KİV-də vurğulanır.

Qeyd olunur ki, Putinin Donbassda atəşkəsə marağı – eləcə də Suriya məsələsindəki mövqeyi strateji dəyişiklik yox, taktiki qərar olduğuna görə, Obama Putinlə birbaşa danışığa keçməlidir.

Rüfət

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol