Menu

"ƏFQANISTAN  XOFU" - Rusiyanı Suriyada nə gözləyir?

28.09.2015, 23:33
"ƏFQANISTAN  XOFU" - Rusiyanı Suriyada nə gözləyir?

Rusiyanın BMT Baş Assambleyası və Putinin Obama ilə görüşü ərəfəsində Bağdadda “Koordinasiya mərkəzi” yaratması rəqibi fakt qarşısında qoymaq cəhdini xatırlatdı.

Bəlkə də, bu uğurlu gediş sayıla bilər. Lakin Con Kerrinin bir qədər yumşaq şəkildə “İŞİD-ə qarşı mübarizə vahid koordinasiyada” olmalıdır deməsi ABŞ-ın məsələdən heç də razı olmadığı anlamına gəlir. Həmçinin Rusiyanın müttəfiqi İranın dayaqları və sosial bazası İraqda nə qədər güclü olsa da, İraqdakı ABŞ amilini heçə saymaq yanlış olardı.

İraqın baş naziri Heydər Əl-İbadi bu mərkəzin yaradılmasını Rusiyanın regionda İŞİD-ə qarşı aktiv mübarizədə marağı və dəstəyi kimi qiymətləndirib, hazırda hər bir dövlətin dəstəyinə ehtiyacı olduqlarını dilə gətirib.

Əlbəttə ki, ABŞ imkan yaratmasa, Rusiya Suriyadan İraqa “bir addım” da ata bilməz. Burda söhbət regionda təhlükəsizlik məsələlərinin təhlili və koordinasiyasından gedirsə, yeni mərkəz ABŞ-Rusiya dialoqu üçün müəyyən model təklifi kimi ortaya çıxa bilər.

Rusiya prezidenti Putin də Türkiyə, Səudiyyə Ərəbistanı və ABŞ-ı da bu təşəbbüs barədə xəbərdar etdiklərini bildirib.

Bəs ABŞ və Rusiya arasında dialoq baş tutacaqmı? “Moskva-3” dialoqunun ilin sonuna təyin edilməsi (dəqiq vaxt hələ müəyyən olunmayıb) də qismən ümid yaratmış oldu.

Obama prezidentliyinin sonuna yaxın Kuba və İranla uğurlu dialoq təşəbbüslərindən sonra Putinlə də dialoqa müəyyən qədər maraqlı görünür. Lakin ABŞ-ın uzunmüddətli siyasi maraqlarını nəzərə aldıqda, Rusiyanın regiondakı varlığını gücləndirməsi Ağ Ev üçün İŞİD amilindən də təhlükəli fon alır.

Lakin digər tərəfdən, dialoqun özü “soyuq müharibə” təhdidlərinin qarşısını ala bilər. Bu istiqamətdə isə koordinasiya mərkəzi ətrafında “səthi əməkdaşlığın” yaradılması belə böyük əhəmiyyət daşıyacaq.

Amma bu görüş öncəsi ilk narazılıq “Putinin Obama ilə görüşü inadla istəməsi” barədə Vaşinqtondan edilmiş açıqlamadan sonra yarandı. Dünya mətbuatında da bu cür “dialoq başlanğıcı”nın ümidverici görünmədiyi haqda fikirlər yer aldı.

Görüşdə müzakirə olunacaq məqamlara gəldikdə isə, Ukrayna böhranı və sanksiyalar üzərində çox durulmayacağı şübhə doğurmur. ABŞ-ın da, Rusiyanın da mövqeyi hazırkı məqamda Donbassda atəşkəsi təmin etməkdən ibarətdir. Gündəmdə Suriya məsələsi daha qabarıq olduğundan, diqqət bu səmtə yönəlir.

Lakin İŞİD-ə qarşı mübarizə faktorundan çox, Suriyada əsas ziddiyyət nöqtəsi Əsəd rejiminin taleyi məsələsidir.

ABŞ Donbassız və Krımsız da olsa, Ukraynanı qazandığına əmindir. Suriyada isə durum əksinədir – hətta Əsədin və Rusiyanın nəzarətində çox az ərazi qalmasına baxmayaraq.

Rusiya Əsədlə bağlı müəyyən güzəştə də gedə bilər. Lakin hazırda bu real deyil və Moskva üçün Əsədin hakimiyyətdən getməsi bir neçə il sonranın perspektivi hesab olunur. Çünki Suriyada Kremlin dayaqlarının möhkəmliyi hazırda yalnız Əsəd rejimi və ələvilərlə ittifaqdan asılıdır. Həmçinin Suriya məsələsindəki gərginlik Donbass və Krım məsələsini də gündəmdə arxa plana atmağa kömək edir və Putin “Suriya kartı”ndan mümkün qədər istifadə edəcək.

İŞİD-ə qarşı mübarizədə Rusiya ilə ABŞ-ın necə əməkdaşlıq edəcəyi də sual doğuran məqamlardandır. Bu iki supergücdən heç biri İŞİD-in nəzarət etdiyi ərazilərə hərbi qruplar göndərmir. Nə Moskva, nə də Vaşinqton İŞİD-lə döyüşmək arzusunda görünmür.

Bəs ehtimal olunan koalisiya hansı formatı daşımalıdır?

Yeni koalisiya BMT-nin Təhlükəsizlik Şurasının mandatı altında, çoxmillətli formatda ola bilər ki, müvafiq qətnamədə bu qüvvələrdə Suriya və İraq ordularının aparıcı rol oynayacağı qeyd olunur.

Onlarla yanaşı, “xilafət”ə qarşı anti-Əsəd qoşunları, eləcə də Suriya və İraqdakı kürd döyüşçülərinin də yeni koalisiyada iştirakı nəzərdə tutulur. Lakin bu qüvvələri bir arada saxlamaq üçün BMT himayəsində beynəlxalq komandanlığın qurulması lazım gələcək.

Rusiya da, ABŞ da regionda yerli amillərdən faydalanmaq niyyətindədirlər. Yerli amillərdən faydalanmağa qaldıqda, ABŞ hazırda daha çox irəlidə görünür. Lakin “Hizbullah” və şiə amili, İranla tərəfdaşlıq, Rusiyanın Suriyadakı hərbi bazası, yerli əhalidə Amerikaya güvənsizlik əhval-ruhiyyəsi də danılmazdır.

Rusiyanın İŞİD-ə təsir imkanları

İŞİD-in daha çox Qərb tərəfdən dəstəklənməsi ideyası dünya mətbuatında üstünlük təşkil etsə də, Səddam Hüseynin köhnə zabitlərindən İŞİD-ə dəstək verən və “Xilafət ordusu”nda yer alan şəxslər var. Onların yetişdirilməsində isə Rusiyanın, daha doğrusu SSRİ-nin rolu az olmayıb.

Uzun illər boyunca Səddam Hüseyn rejimi Moskvadan silah alıb və İraq ordusundakı hərbçiləri sovet instruktorları tərəfindən təlim görüblər. Lakin İraqın 1991-ci ildə blokada vəziyyətinə düşməsi, SSRİ-nin dağılması Moskva-Bağdad əlaqələrində boşluq yaratdı.

Rusiyanın DTK-sı və Səddamın “Mühabarat”ının bir çox fiqurlarının öz varlığını və fəaliyyətini fərqli şəkillərdə və şərtlər altında davam etməsini nəzərə alsaq, təmasın qətiyyən olmadığını da deyə bilmərik.

Həmçinin Yaxın Şərqdə və digər münaqişəli bölgələrdə ən çox istifadə olunan silahların Rusiya istehsalı olması, silah satışı ilə məşğul olan iri qruplara isə sabiq hərbçi və xüsusi xidmət işçilərinin də rəhbərlik etməsi nəzərə alınmalıdır.

Çeçenistandakı münaqişəni də yada salmaq lazımdır: çeçen üsyançılarının arasına ekstremistlərin sızmasından və radikal qruplaşmalar fəallaşdıqdan sonra ABŞ və Avropa dövlətləri də Çeçenistanın taleyi barədə az danışmağa üstünlük verdilər. Dinlərarası münaqişədə və ekstremizmin qabarması halında Qərbin dəstəyi də səngimiş olur.

Bu və digər amilləri nəzərə aldıqda, belə düşünmək olar ki, Moskva İŞİD-dəki mühüm fiqurlarla da hər an dialoqa girə bilər və siyasi manevrlər üçün faydalanar.

Liviyada Qəddafinin devrilməsi sürətli baş verdi, ardınca isə radikal qruplaşmalar fəallaşdı. Mübarək rejimindən sonra da Misirdə islamçıların güclənməsi Qərb ictmaiyyətində və siyasi dairələrdə narahatlıq yaratdı. Suriyada prosesin uzanması və radikal qrupların daha çox səhnədə qabarması Qərbdə də tərəddüdlərə səbəb oldu.

Beləliklə, Yaxın Şərqdəki radikalizm amili Qərbdəki bəzi dairələrin marağına cavab verdiyi kimi, Rusiyanın da maraqlarına cavab verir.

Rusiya özünün mühüm oyunçu kimi nəzərə alınması naminə, bütün mümkün amillərdən istifadə edəcək.

“Əfqanıstan xofu”

Lakin Rusiya o qədər şanslı oyunçu deyil. Moskvanın regionda möhkəmlənmək cəhdləri 1980-ci illərdə yaşanılan Əfqanıstan “çıxmaz”ının yenidən yaşanması ilə nəticələnə bilər.

Suriyada şiələrin tərəfində görünən Rusiya sünni əhali tərəfindən də dost kimi qarşılanmır. Lakin İŞİD qorxusu insanların müvvəqqəti olaraq ölkədəki Rusiya varlığına sükutla yanaşmasına rəvac verə bilər.

Məhz bu baxımdan da, Rusiya ABŞ tərəfindən “qəbul olunacağına” qədər İŞİD-lə birbaşa münaqişəyə getməyəcək, sadəcə “təmas xətti”ni qorumaqla kifayətlənəcək.

Prosesin sonrakı taleyi isə sövdələşmədən asılıdır. Hər halda görünür ki, bu sövdələşmə bir görüşlə və yaxın gələcəkdə tamamilə baş tutan deyil.

İlk addımlar Nyu-Yorkda atılmalıdır...

Rüfət ƏHMƏDZADƏ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol