Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışları, eləcə də toplantıdan sonra keçirdikləri görüş dünya mətbuatının diqqət mərkəzindədir.
Almaniyanın “Der Spiegel” qəzetinin yazdığına görə, Putinin nitqi onu göstərib ki, Rusiya yenidən dünya ictimaiyyətinin etimadını və diqqətini qazanmağa can atır.
Digər Qərb mediasında da bu çıxışlardakı “tənqid mübadiləsi”nin “Soyuq müharibə” illərindən bəri eşidilmədiyini qeyd ediblər. Çıxışlardan aparılan təhlillər fərqli olsa da, görüşdən sonra Putinin müsbət ruhlu açıqlaması çoxunu çaşdırıb.
Putin jurnalistlərə açıqlamasında vurğuladı ki, Suriya rejimini “İslam dövləti” ilə mübarizədə dəstəkləməyə davam edəcək, lakin ekstremistlərə qarşı quru əməliyyatlarında iştirak etməyəcək. O, rusiyalı və amerikalı hərbçilərin Suriyadakı münaqişəyə son vermək üçün dialoq aparacaqlarını deyib.
Ukrayna məsələsi ilə bağlı isə Putinin şərhi qısa olub: “Ukraynadakı münaqişənin həllində ABŞ-ın rolu indi də yetərincə fəaldır, çünki onlar Kiyevin arxasında dururlar”.
Planlaşdırılmış 50 dəqiqə yerinə 90 dəqiqədən çox çəkən bu görüşdə hər hansı kompromisin əldə olunub-olunmaması suallar doğurdu.
Lakin hamını daha çox narahat edən məsələyə Putinin özü aydınlıq gətirmiş oldu: Rusiya Suriyaya qoşun yeritməyəcək.
Putinin terrorla mübarizənin siyasi proseslə paralel getməsinin vacibliyinə toxunması onu göstərir ki, Kreml dialoqun davam etməsinə maraqlıdır və “problemlərin birbaşa və qısa zamanda həll edilməsi” müzakirə mövzusu deyil.
Bir tərəfdən, Suriya üzrə proseslərin davam etməsi, Ukrayna böhranı baxımından da Rusiyaya sərf edir. Digər tərəfdən, Rusiyanın bölgəyə açıq hərbi müdaxilə etməməsi ABŞ-ı razı salır.
ABŞ "əgər terrorla mübarizədə maraqlısınızsa, gəlin" deyir və Rusiyanı koalisiyaya dəvət edir. Bundan əvvəl koalisiyaya qatılmayan Rusiya artıq bölgədə söz sahibi kimi görünməyə və "xüsusi status" ilə regional proseslərə yön vermək arzusunu reallaşdırmağa çalışır.
Ən azından, Obama və Putin arasınd bir ortaq nöqtə tapılıb. Və bu ortaq nöqtə Putin üçün böyük qiymət daşıyır.
“Bizim iştirakımıza qaldıqda isə, biz bu barədə fikirləşirik. Heç nə istisna etmirik, lakin hərəkət etsək, bu beynəlxalq hüquq çərçivəsində olacaq”, - deyə Rusiya prezidenti vurğulayıb. O, norma olaraq BMT qərarları və Suriya tərəfinin sorğusunu qeyd edib.
Bununla yanaşı, Rusiya prezidenti xatırladıb ki, Suriyada ABŞ və müttəfiqlərinin apardığı hərbi əməliyyatlar qanunsuzdur. O, İŞİD-lə real mübarizə aparan qüvvələrə, Suriya ordusu və kürdlərə dəstək verilməli olduğunu əlavə edib.
Obamanın mövqeyi də onun çıxışından aydın görünür. Obama kürsüdən Əsədi diktator elan etdi və Rusiya ilə İranı onu dəstəkləməməyə çağırdı.
Əgər İŞİD-lə mübarizədə Ağ Evin cavabı müsbətdirsə, Əsədlə bağlı mənfidir. Lakin görüşdən sonra elə bir mənzərə yarandı ki, ABŞ prosesləri daha da gərginləşdirmədən Rusiya ilə dialoqa maraqlıdır və Əsədin gedib-getməyəcəyi məsələsi, sanki zamanın axarına buraxılıb.
Politoloq, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Obama öz çıxışında hədəflərini yetərincə aydın ifadə edib: “O, aydın izah etdi ki, Rusiya prosesləri daha da gərginləşməyə davam edərsə, beynəlxalq hüquqa uyğunlaşmazsa, nə ilə üzləşə bilər”.
Politoloqun fikrincə, Rusiya BMT-nin Baş Assambleyasına çox ağır şərtlər altında getdi: “Əgər Rusiya öz separatçı və işğalçı siyasətindən əl çəkməzsə, 3-4 ay içində onu sanksiyalardan da ağır nəticələr gözləyə bilər”.
F.Məmmədov Ukrayna ilə bağlı bildirib ki, ABŞ və NATO münaqişənin həlli prosesində Ukrayna ordusunun və dövlətçiliyinin möhkəmlənməsi üçün dəstəyini əsirgəməyəcək: “Rusiyanın BMT Baş Assambleyasının 70-ci sessiyasından əvvəl Ukrayna ilə sərhəd ərazilərdə öz hərbi qüvvələrini artırması müəyyən mesaj xarakteri daşıyır. Lakin bu təhdidlər öz effektini verməyəcək. NATO Ukraynanın yanındadır və Ukrayna da qarşısındakı öhdəlikləri yerinə yetirərsə, 2020-ci ilə kimi NATO-ya qoşula bilər”.
O qeyd edib ki, Obama Putinə açıq izah edib ki, Ukrayna məsələsində hər hansı irəliləyiş olmadıqca, “birgə addımlar” barədə danışmaq məntiqə sığmır.
“Sadəcə Rusiya anti-terror koalisiyasında iştirak edə bilər. Bu zaman Moskvaya güzəşt olunar. Lakin Amerika Putinə şübhə ilə yanaşır, sonrakı addımının nə olacağını gözləyir. Əsədin məsələsində Vaşinqtonun güzəştini ehtimal etmək, bir müddət Əsəd rejiminin qalmasına razılaşmaq, səhv olardı. Obamanın prezidentliyi gələn il bitəcəyi üçün, problemin qısa zamanda həll olunması mütləqdir. Obama bunu Putinlə görüşdə özünə çatdırıb. Obama administrasiyası ümumilikdə Əsəd rejimin devrilməsindən yanadır və yeni bir sistemin qurulmasını istəyir. Təbii ki, yeni sistem Rusiyanı orda istəməyəcək və bu gün Rusiyanın da Suriya siyasəti məhz orda qalmağa hesablanıb. Əgər Suriyada rejim bütövlükdə gedərsə, artıq həlledici rol ABŞ-a keçəcək”.
Rüfət ƏHMƏDZADƏ
AzPolitika.info


Şərhlər