Menu

Dünya İqtisadi Forumuna görə, Azərbaycanda biznes üçün ən böyük problem

01.10.2015, 11:48
Dünya İqtisadi Forumuna görə, Azərbaycanda biznes üçün ən böyük problem

Azərbaycan hazırkı şəraitdə uzunmüddətli artımı təmin etmək üçün öz iqtisadiyyatını şaxələndirməlidir. Bu barədə Dünya İqtisadi Forumunun (World Economic Forum, WEF) tərib etdiyi illik “Global Competitiveness Report 2015-2016” hesabatında qeyd olunur.

“Xammal məhsullarının qiymətinin nisbətən ucuz olacağının gözlənildiyi bir vaxtda diversifikasiya və bazar siyasətinin reallaşdırılması uzunmüddətli artıma nail olmaq üçün xüsusilə vacibdir”, - deyə hesabatda bildirilir.

Hesabat müəlliflərinin rəyinə əsasən, Azərbaycan gələcək inkişafında iki əsas məsələ ilə qarşı-qarşıya durur.

“Birincisi, korrupsiya biznesin aparılması üçün ən problemli amil olaraq qalmaqdadır, ikincisi, ölkənin maliyyə sektoru hələ kifayət qədər inkişaf etməyib. Bu, iqtisadiyyatının şaxələndirilməsi üçün özəl investisiyalara ehtiyac duyan ölkə üçün böyük problemdir”, - deyə hesabatda deyilir.

WEF-in tərtib etdiyi rəqabətə davamlılıq reytinqinə görə Azərbaycan regionda ən yüksək yer tutub (40-cı).

“Azərbaycan bu yaxınlarda yaranmış böhrana qarşı qonşu ölkələrlə müqayisədə daha davamlı olsa da, reytinqdə iki pillə geriləyib. Ölkə aşağı inflyasiya və dövlət maliyyəsinin əlverişli səviyyəsi ilə xarakterizə olunan güclü makroiqtisadi mühitə malikdir. Buna baxmayaraq, məlumatların əldə olunmasında zaman çərçivələrinə görə hesabatda nəzərə alınmayan neft və qazın qiymətlərinin ucuzlaşması Azərbaycanın dövlət büdcəsinə mənfi təsir göstərə bilər”, - deyə sənəddə qeyd edilir.

Hesabatda o da vurğulanır ki, Azərbaycan əmək bazarının effektivliyi ilə öyünə bilər.

“Global Competitiveness Report 2015-2016” hesabatına əsasən, Azərbaycan rəqabətə davamlılıq reytinqində 140 ölkə arasında 40-cı yerdədir. Əvvəlki reytinqdə isə respublika 144 ölkə arasında 38-ci yerdə qərarlaşmışdı. /İnterfaks-Azərbaycan

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol