DYP-nin “şikilçəkən”ləri və Tomanın “şərəf sertifikatı”

Xalid QÜDRƏTOĞLU

Yaşı çatanlar bilir, bilməyənlər üçün də deyim ki, sovetlərin vaxtında Bakının ən “bərkgedən” foto-atelyelərini ermənilər işlədirdi. Kim nə deyir-desin, köpəyuşağı asan pul qazanmağın, ortada yeyib qıraqda gəzməyin ölüsüydü və bunu çox yaxşı bacarırdı da. Nə isə ...

İndi Fəvvarələr meydanı adlanan “Parapet” bağında da Qrişa adlı bir şəkilçəkən lövbər salmışdı. Peşiman idin iki-üç tay-tuşnan “Nərgiz” kafesinin yanında ayaq saxlayıb siqaret yandırasan, yaxud da yayda soyundurub qışda bələdikləri məşhur palma ağacının yanında kiminləsə durub dodaq tərpədəsən. Sanki yerin altından peyda olub qəhvəyi qoburundan çıxartdığı “Zenit”in obyektivini az qala zenit topunun lüləsi kimi tuşlayırdı sifətinə.

Deyirdin: - Ay Qrişa, adam ol, üç gün qabaq çəkmədinmi şəklimizi? Bir şax manat da almadınmı?

Şərəfsizin – Axbercan, üç gün qabax başqa qıznan idin, indi başqasıynan. Bu lap qəşəngdi. Malades, “fkus”una! – deyə, adamı “baqaja qoymağı” da vardı.

* * *

İndi sözüm nəyə gəlir?! Artıq paytaxtın bağ və meydanlarında adamı qıs-qıvraq yaxalayan fotoqraflar qəhətə çıxsa da küçələri başqa “şikilçəkən”lər bürüyüb. Altlarında təptəzə BMV, əyinlərində Dövlət Yol Polisinin forması, əllərində də ki, “çomax” əvəzinə informasiya texnologiyalarının son “atəşlərindən” olan planşet. Di gəl, indi bunlarla ayaqlaş.

Getdikləri yerdə maşını əyləyib başlayırlar şaqqaşaq yol qırağındakı avtomoibillərin “şiklini” çəkməyə. Cərimənin qiyməti də ki, üç deyil, beş deyil. Əli də yandırır, cibi də, hələ desən, adamın dədəsini də.

Heç şübhəsiz, hamımız şəhərdəki tıxaclardan təngə gəlmişik. İnsafən, son vaxtlar hələ bir az səngiyib də. Bəzən yol qırağında park edən avtomobillər, yaxud ikinci cərgə yaradan sürücülər nəqliyyatın asudə hərəkətinə ciddi əngəl yaradırlar. Belə hallarla mübarizə aparmaq zərurudir. Amma bu mübarizəni sui-istifadə predmetinə, qazanc mənbəyinə çevirmək də nə insafdandır, nə də kişilikdən. Cərimənin müəyyən faizi maaşa əlavə şəklində qayıdır deyə, adamları divara qısnamaq da bir iş deyil, axı!

... Kimə nədən bəhs edirik?!

Bakı yol polisinin timsalında bu dəyərlərdən söhbət açmaq kara İ.S.Baxın “Tokkata re-minor”unu dinlətmək kimi perspektivsiz bir şeydir. Yəni, ZÜLMƏT!

***

Zülmət dedim, yadıma düşdü, Doğrudan da, nədənsə yol polisi bütün dövrlərdə cəmiyyət tərəfindən “üzündə zəhrimarı” normadan artıq, köntöy, mərifət-qanacağın “nəynən yeyildiyindən” bixəbər, Afrika cəngəlliyi qədər “qalın” və pulagir zümrə kimi qəbul olunub. Bəli, “paqon altında olan” dövlət qulluqçusu və xidməti vəzifəsini yerinə yetirən polis nəfəri kimi deyil, məhz fürsətcil, ədəb-ərkan qaydalarını əxz etməyə ciddi ehtiyacı olan adam kimi.

Niyəsi məlumdur. Çünki əməliyyatçı polis həyatını təhlükəyə atıb cinayətkarlığa qarşı mübarizə aparanda, asayişi qoruyanda yol polisi yalnız qənimətçiliklə məşğul olub. Əlindəki “çomağa” yol hərəkətini tənzimləyən alət, vasitə kimi deyil, məhz “çörək ağacı” kimi baxıb.

... Və bu yolda onun üçün bir başqasının öz şəstinə-şəninə sığışdırmayacağı, vicdanının yol verməyəcəyi bütün vasitələr məqbuldur. Şantaj! Şər! Bazar alverçiliyi və s. və i.a.!

Son vaxtlar sosial şəbəkələr bu cür faktlarla bizi tez-tez feyziyab edir.

Yadınızdadırsa, sovetin vaxtında “QAİ” abbreviaturasının maraqlı açması da vardı. Məndən eşitmiş olmayın, xatırlayanlardan soruşun.

Dəyişən bir şey yoxdur!

***

Müasir cəmiyyətdə demək olar ki, hamı alır. Almırsa, deməli, ya vermirlər, ya da ki, çox vicdanlıdır. Məmuru alır, hakimi alır, həkimi, prokuroru, müəllimi alır... Eləsi də var ki, vermirsənsə tələb eləyir, deyirsən yoxdur, divara dirəyir.

Yol polisi ikincilərdəndir. Olur ki, kiçicik bir xətaya görə, yaxud da ki elə kefindən, yəni “mırta” adamı saxlayıb protokol yazacağı ilə hədələyir. Adamlığa, insafa dəvət edəndə isə mənalı şəkildə başını yuxarı “qovzayıb” – Vallah, bizdən də tələb edirlər! – deyə mızıldayır. Bəs yuxarı kimdir? Respublikada general Ramiz Zeynalovdur, paytaxtda isə polkovnik Nuşirəvan Səfərov cənabları.

Babalı deyənlərin boynuna, mətbuatın yazdıqlarına inansaq, zira inanmamağa əlimizdə elə bir ciddi əsas da yoxdur, şəhər DYP-sindəki korrupsiya və rüşvət dəzgahının başında məhz bu adam dayanıb. Məhz onun vaxtında yol polisi sürücülərə şər atır, törətmədiyi pozuntunu boynuna qoymağa çalışır, açıq-aşkar harınlıq eləməkdən çəkinmir. İllah da ki, gözlərinə bir az fağırı dəyən kimi “atdöşü” eləyib “PPX” maşınına basırlar.

Bütün bunlar yol polisinin şücaətinin heç ondan biri də deyil.

Bəlkə bilən yoxdur, eşitməyiblər?!

Qətiyyən! Zatən, Nuşirəvan Səfərovun əyninə DYP forması geyinmiş darğaları tərəfindən qanuna zidd fəaliyyət sayəsində formalaşdırılan “katyol”dan hamının çox yaxşı xəbəri var. Sadəcə, heç kəsi umsuq buraxmadıqlarına, əmri və zəhmi keçənlərin hər birinin “qonararı” səxavətlə çatdırıldığına görədir ki, görməzdən gəlirlər.

***

Elə bir zəmanədə yaşayırıq ki, stress əhval-ruhiyyənin adi halına çevrilib. İnsanı çilədən çıxarmaq üçün adi bir mehdən uçunmağa başlayan yarpağın xışıltısı, qatığın niyə məhz ağ rəngdə olması belə kifayət edir. Çörək dalınca yola çıxmış vətəndaşın əsəblərini bir də yol polisinin çarmıxa çəkməsi insanlarda hakimiyyətə qarşı ciddi narazılıq, inciklik yaradır. Amma görünəni budur ki, paytaxt DYP-sinin şefi Nuşirəvan bəyin “Qurd qapısı”ndakı ağzını ac qurd kimi açmış ofisində başı gün ərzində toplananları nuş eləməyə elə qarışıb ki, insanların artan narazılığı da vecinə deyil.

Onun vecinə olmaya bilər. Ancaq heç şübhəsiz, vecinə olan tapılacaq.

***

P.S. Bu arada Bakı DYP rəisi AzPolitika.info saytında dərc olunmuş bir yazıda təhqir olunduğunu iddia edərək müəllifin xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsi barədə məhkəməyə şikayət verib.

Əcəb işdir! Jurnalist bütün sosial şəbəkələrdə adamın gözünə girən neqativ faktlardan yazır, avtomobili oldu-olmadı, az qala hər bir Azərbaycan ailəsinin bildiyi, hər bir sürücünün ən azı bir neçə dəfə rastlaşdığı biabırçılıqları ortaya qoyur, əvəzində “sağ ol!” əvəzinə qondarma iddialarla məhkəməyə düşür.

Əvvəla, bu xəbərdən çox sevindik. Sevindik ki, N.Səfərov bir vətəndaş kimi öz vəzifələrini “iqnor” etsə də, heç olmasa hüquqlarını qəşəng bilir. Hətta gördüyü işlərin müqabilində şərəf, ləyaqət, nüfuz kimi məziyyətlərdən xəbərdar olduğunu da ortaya qoyur.

Amma və lakin “nəçənnik” Nuşirəvan Səfərov bilməmiş deyil ki, nə rahat vəzifə kreslosu, nə də ki, rəis məvacibi ilə qazanılmadığı heç kimdə şübhə doğurmayan hədsiz var-dövlət sahibinin mütləq şərəfli olduğu anlamına gəlmir. Zira, şərəf, ləyaqət, vicdan kimi mənəvi keyfiyyətlər yol qırağında, ağac dalında, kol dibində marığa yatmaqla, əsassız cərimələr yazmaqla, şər atmaqla hasil olsaydı, hamı yol polisinə qibtə edərdi.

Şərəf dedim, yadıma qonşuluqda bir əhvalat düşdü. Deyim siz də gülün.

Deməli, Pakizə arvadın oğlu Roşka məhlədə Toma adlı peşəsi üzündən bəlli bir xanımla mübahisə əsnasında ikincinin keçdiyi “şərəfli” həyat yolundan bəzi intim epizodları xatırladıb. Həmin xanım da eləmə tənbəllik, verib gədəni məhkəməyə ki, bəs mənim işgüzar nüfuzuma toxunub, şərəf və ləyaqətimi alçaldıb. Məhəllə camaatı da qarnını tutub bu vaqiəyə o ki var gülübdür. Yəni, olmayan şeyin məhkəmə yolu ilə sübut edilməsi adama nə verəsidir ki?!

İndi qonşuların sözü olmasın ...

P.P.S. Bir innovativ təklifim də var. Təklif edirəm ki, “Asan” xidmətin nəzdində bəzi vətəndaşlara şərəfinin olduğunu təsdiq edən “Şərəf sertifikatı” verilsin.

Bari, hakimlərin işi asanlaşardı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar