8 saylı Binəqədi Birinci Seçki Dairəsindən deputatlığa namizəd professor Qüdrət İsaqov YAP rəhbərliyinə açıq müraciət ünvanlayıb. Namizəd müraciətində indiyədək gördüyü işlərdən, prezidentlər Heydər və İlham Əliyevlər haqda yazdığı kitablardan, vaxtilə Naxçıvanda Heydər Əliyevlə saat yarımlıq görüşündən bəhs edərək, 8 saylı dairədə onu dəstəkləməyi xahiş edir.
“Gördüyüm işlər namizədlərin hamısından fərqli və yüksəkdir. Milli Məclis üzvlüyünə namizəd olaraq seçkilərə "Mənim Prezidentim İlhamdı", "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın tarixi missiyaları" adlı böyük siyasi çəkiləri olan kitablarımla gedirəm.
Xahiş edirəm gördüyüm işlərin siyasi mənasının digər namizədlərin hamısından fərqli və yüksək olduğunu nəzərə alaraq, ilk növbədə, mənim deputatlığa namizədliyimi dəstəkləyəsiniz.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim YAP-a üzvlük biletim olmasa da, Sizinlə eyni ideyanın daşıyıcısıyam. YAP bəyan etmişdi ki, biz tanınmış şəxsləri müdafiə edəcəyik.
Ona görə də Sizdən xahiş edirəm mənim 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyimi dəstəkləyəsiniz. Deputat olacağım təqdirdə insanların dövlətimizə və dövlətçiliyimizə inamının yüksəlməsi naminə daha böyük işlər görəcəyəm.
Deputatlığa namizədliyimi dəstəkləməklə Siz digər deputatların, alim və ziyalıların da dövlətimiz naminə böyük işlər görməsinə, dövlətçiliyimiz naminə milli birliyimizin möhkəmləndirilməsinə böyük töhfə verəcəksiniz!”
V.Nəsibov


Şərhlər